Aylıq gəlirimlə bağlı deyilənlər həddən artıq şişirdilmiş rəqəmlərdir. Mənim o qədər aylıq gəlirim yoxdur. Bu barədə danışmaq mənim üçün sadəcə ayıbdır.
Bu sözləri Kult.az-a xalq artisti Rasim Balayev Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının aktyorun aylıq gəliri ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.Aktyor bildirib ki, deyildiyi qədər yüksək aylıq gəliri yoxdur:
“Şişirdilmiş rəqəmlərdir. Mənim aylıq gəlirim o qədər deyil. O barədə, ümumiyyətlə, danışmağı ayıb hesab edirəm”.
R.Balayev açıqlanan rəqəmdən sonra cəmiyyətdə birmənalı fikir yaranmaması səbəbindən bəzi məqamları açmağa məcbur olduğunu vurğulayıb:
“Məcburam deyim ki, mən 150-160 manat aylıq pensiya alıram. Mənim ayda 2400 manatdan çox gəlirimin olması tamamilə yalandır. Onlar mənimlə əlaqə yaratdıqlarını deyirlər. Bu da yalandır. Onların əlaqə saxlamasına ehtiyacım da yoxdur. Mən o ittifaqın üzvü deyiləm, olmaq da istəmərəm”.
R.Balayev bildirib ki, haqqında danışılanlar onu narahat etmir:
“Kim nə istəyir, desin, kim nə istəyir, yazsın. Mən öz hayımdayam, öz dərdimdəyəm. Səhhətimdə problemlər var. Bu mənə kifayət edir. Deyilənlərə də fikir vermirəm. Bütün bünlar bir jurnalistlə söhbətimdən sonra yarandı. Bizim onunla etdiyimiz söhbətin əsas mahiyyəti kənarda qaldı, o tamam başqa şeyləri qabartdı. Mən səhhətimdən, evdə oturmaqdan, filmlərə çəkilməməkdən danışmışdım. Bunlar hamısı kənarda qaldı, maddi məsələ qabardı”.
Qeyd edək ki, R.Balayev sözügedən müsahibəsində səhhətində problemlər yaşadığını və dərman almağa imkanının olmadığını açıqlamışdı. Daha sonra ictimai xadimlər, o cümlədən millət vəkili, SSRİ xalq artisti Zeynəb Xanlarova Milli Məclisdə R.Balayevə kömək üçün çağırış etdi.
Ötən gün isə Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xalq artisti Rasim Balayevin aylıq gəlirini açıqlayıb. Bildirib ki, Rasim Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiya, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır. Bundan əlavə, reklam və seriallara da çəkilir, istədiyi qonorarı ala bilir.
R.Balayevin səhhətindəki problemlərlə bağlı Azərbaycanın müvafiq qurumları artıq hərəkətə keçib. Xalq artisti bu gün verdiyi açıqlamasında sabah dövlət hesabına Türkiyədə müalicəyə göndəriləcəyini deyib.