Müharibənin rəngləri

Müharibənin rəngləri backend

Azərbaycan Milli İncəsənət Muzeyində faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə tanınmış rus rəssamı, Böyük Vətən müharibəsi iştirakçısı Aleksandr Xarşakın sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbiri açıq elan edən Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev rəssamın yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, hər bir xalq öz tarixini bilməli və qiymətləndirməlidir. Böyük Vətən müharibəsi də Azərbaycan xalqının keçmişinin bir hissəsidir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Qələbənin 70 illiyi ilə əlaqədar dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncama uyğun olaraq nazirliyin müəssisələrində də silsilə tədbirlər keçirilir. Nazir müavini faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın, Bakı neftinin rolundan danışdı. Bildirdi ki, həmin illərdə mədəniyyət və incəsənət sahəsində çalışanlar öz əsərləri ilə xalqı qələbəyə ruhlandırıblar: "Bu gün burada tanınmış rus rəssamı A.Xarşakın əsərləri sərgilənir. Bildirmək istərdim ki, eyni zamanda Azərbaycan rəssamlarının müharibə mövzusunda əsərləri də bu sərgidə yer alıb. Bu isə bir daha mədəniyyətlərin dialoquna və xalqların bir-birinin mədəniyyəti ilə tanışlığına zəmin yaradır".



S.Məmmədəliyeva sərgidə iştirak edən rusiyalı qonaqların nəzərinə çatdırdı ki, Böyük Vətən müharibəsinin qəhrəmanlarından biri - əfsanəvi partizan Mehdi Hüseynzadə istedadlı rəssam idi.

Sərgidə iştirak edən A.Xarşakın ailə üzvləri adından oğlu, tanınmış rəssam Andrey Xarşak çıxış edərək Azərbaycanla dostluq əlaqələrindən danışdı. Sərginin Qələbənin 70 illiyinə həsr edilməsindən əlavə, həm də bir dostluq görüşü olduğunu qeyd etdi. Bildirdi ki, atası əsərlərində "Bütün bu müharibələr bir daha təkrarlanmamalıdır" fikri ilə çıxış edir. Amma bu gün dünyaya nəzər salanda əfsus ki, yenə də müharibələrin şahidi oluruq: "Dünyanın bir çox şəhərlərində atamın sərgiləri təşkil edilir. Amma Bakıdakı sərgi onunla fərqlənir ki, biz bu əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə edirik. İnanıram ki, atamın ruhu bu addımımızdan razı qalacaq".

Bildiririk ki, Rusiya Bədaye Akademiyasının fəxri üzvü, Rusiya Federasiyasının əməkdar rəssamı A.Xarşak L.S.Marxasyovun “Sevilənlər və başqaları” kitabına (Leninqrad "Детская литература", 1978) çəkdiyi 33 qrafik əsərini Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə edib.



Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə rəssamın müharibə mövzusuna həsr etdiyi "1941-ci il. Cəbhəyə", "Leninqradlılar", "Kəşfiyyata", "Atəş", "Berlinə", "Qayıdış" - ümumilikdə 30 əsəri nümayiş olunur.
Diaspora