Ötən gün Azərbaycanın görkəmli bəstəkarı, caz və estrada musiqisinin banisi hesab edilən Tofiq Quliyevin 100 illik yubileyi qeyd edildi.
Xatırladaq ki, Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il 7 noyabrda Bakıda anadan olub. Hələ uşaqlıqdan musiqiyə böyük həvəs göstərdiyindən valideynləri onu 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə yazdırıblar. Hələ 14 yaşında ikən Azərbaycanın ilk ali təhsilli bəstəkarı olan Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin “Uşaq və buz”, “Dərsə gedən bir uşaq” mahnısını bəstələyib.O, musiqi təhsilini davam edərək 17 yaşında Konservatoriyaya daxil olur. Burada mahir pianoçu kimi tanınmağa başlayır. Bu səbəbdən Tofiq Quliyev konservatoriyada oxuyarkən həm fortepiano, həm də dirijorluq fakültəsində təhsil alır. Dahi bəstəkar Üzeyir Hacıbəyli gənc Tofiqin böyük istedad malik olduğunu görüb ona Moskva Dövlət Konservatoriyasında təhsil almağı tövsiyə edir. Beləliklə T.Quliyev Moskvaya təhsil almağa gedir. Həmin illərdə tələbə olmaqla Moskvada Ümumittifaq caz orkestrində pianoçu kimi çalışır. Onu bu işə həmin orkestrin bədii rəhbəri, tanınmış cazmen A.Sfasman dəvət edir. Bəstəkarın bu orkestrdə çalışması sonralar caz-estrada üslubunda mahnılar yazmasına böyük təkan verir.
1939-cu ildə Bakıya geri dönən bəstəkar qızğın musiqi fəaliyyətinə başlayır. Həmin illərdə Niyazi ilə birlikdə Bakıda caz orkestri yaradır. Eyni zamanda müxtəlif teatrlarla əməkdaşlıq edir və 30-dan çox tamaşaya musiqi yazır.
Tofiq Quliyevin kino musiqisinə gəlişi isə maraqlı olur. Belə ki, iddialara görə 1941-ci illərdə “Səbuhi” filmi çəkilərkən kinoya musiqi bəstələmək maestro Niyaziyə müraciət edilir. Lakin Niyazi böyük jest edərək bu işi Tofiq Quliyevə həvalə edilir. Bəstəkarın kinodakı ilk işi uğurlu alınır. Bundan sonra Tofiq Quliyev bir-birinin ardınca məşhur Azərbaycan filmlərinin bəstəkarına çevrilir, nəğmələri ilə milyonların rəğbətini qazanır. Həmin filmlərdən “Bəxtiyar”, “Görüş”, “Qızmar günəş altında”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Möcüzələr adası”, “O qızı tapın”, “Sən niyə susursan?”, “Telefonçu qız”, “Qaynana” və digərlərini qeyd etmək olar. Həmin filmlərin bəzilərinin süjet xətti bu günlə səsləşməsə də və yaxud artıq mənasız görünsə də musiqisinə görə bu gün də sevilir. Hətta bəzi filmlər məhz musiqisinə görə yaddaşlarda qalır və bu gün xatırlanır.
Məsələn, “Onu bağışlamaq olarmı?” filminin süjeti bu gün kimlər üçünsə absurd görünə bilər. Amma filmin möhtəşəm aktyor heyəti, qəlbləri fəth edən mahnıları, xüsusən də “Kədərli mahnı” bu gün də dillərdən, repertuarlardan düşmür. Və yaxud “Qızıl üzük”, “Sənə də qalmaz”, “Sevgi valsı”, “Pəncərəmə qondu çiçək” və digər mahnıları kinodan ayrılaraq özünə ayrıca ömür qazana bilib, milyonların qəlbinə ecazkar musiqi kimi daxil olub. Bəstəkarın kinolara yazdığı mahnılarını korifey sənətkarlar, o cümlədən Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev və digərləri ifa edib.
Qeyd etdiyimiz kimi, Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətinə ilk dəfə cazın, estradanı daxil edən bəstəkardır. O, mahnılarında caz-estrada elementlərini milli musiqi ilə sintezləşdirərək əbədi sənət nümunələri yarada bilib. Mahnıları qulağa yatımlı, zərif melodik, şux, milli ruhlu olduğundan səsləndiyi anda istər-istəməz zümzümə edilir, sevilir. Bu səbəbdən bəzən səhvən onun mahnıları xalq mahnısı kimi təqdim edilir. Ümumiyyətlə Azərbaycanda mükəmməl mahnıların, kino musiqisinin yaranmasında Tofiq Quliyevin yaradıcılığının böyük rolu var. Bəstəkar özünə qədər olan həmkarlarının mahnı yaradıcılığı üçün səciyyəvi olan ifadə vasitələrini daha da zənginləşdirərək bu janr sahəsində mükəmməl intonasiya quruluşu yarada bilmişdi. Bu gün bəstəkar sıralarımızda olmasa da nəğmələri, sənəti əbədi olaraq yaşayır və yaşayacaq da. Zamanında görkəmli bəstəkarımız Qara Qarayevin qeyd etdiyi ki, Tofiq Quliyevin istedadı o qədər böyük idi ki, o, o cümlədən opera, balet və digər iri həcmli əsərlər də yarada bilərdi. Lakin bəstəkar yalnız mahnı janrına üstünlük verdi və bu sahədə əbədi iz qoydu.
Tofiq Quliyevi yaxından tanıyanlar onun həm görkəmli bəstəkar, həm də dəyərli insani keyfiyyətlərə malik olduğunu qeyd ediblər.
Məsələn, mərhum əməkdar incəsənət xadimi, professor Ramiz Zöhrabov onun haqqında demişdi: “Tofiq Quliyevin sadəliyi, ziyalılığı, təvazökarlığı və səmimiliyi hamını valeh edirdi. O, yüksək mədəniyyətə malik bir insan idi”.
Xatırladaq ki, bəstəkar 2000-ci ilin oktyabrında dünyasını dəyişib. Bəstəkarın bundan əvvəl 90 illik yubileyi də möhtəşəm şəkildə keçirilib.
Ölümündən sonra ölkə başçısının sərəncamı ilə bəstəkarın yaşadığı binaya (Hüsü Hacıyev küçəsi 23) xatirə lövhəsi vurulub. O cümlədən bəstəkarın xatirəsinin əbədiləşdirilməsi üçün Bakı şəhərinin küçələrindən birinə və 12 saylı musiqi məktəbinə bəstəkarın adı verilib.
Xalidə,
Musavat.com