Tələbələr arasında müsabiqə keçirilib

Tələbələr arasında müsabiqə keçirilib backend

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı, “Paşa Bank”ın və “InvestAZ” şirkətinin dəstəyi ilə Kapital Bazarı üzrə Təlim Mərkəzinin seminarlarında yüksək intellekti ilə seçilmiş tələbələr arasında müsabiqə keçirilib.

Universitetdən Qaziler.az-a verilən məlumata görə, QKDK tərəfindən təşkil edilən tədbir Azərbaycan Respublikası Prezidentinin16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin banisi olduğu gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük əzm və qətiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə və vətənpərvərlik ruhuna malik gənclərin yetişdiyini vurğulayıb. Ə.Muradov gənclərin cəmiyyətdə fəallığının artırılmasına, onların bilik səviyyəsinin və bacarıqlarının yüksəlməsinə xidmət edən bu tədbirlərin keçirilməsini sevindirici hal kimi qiymətləndirərək, müsabiqənin təşkilinə görə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Daha sonra QKDK aparatının rəhbəri Bəxtiyar Əzizov gənclərin cəmiyyətin dinamik inkişafında mühüm rol oynadığını bildirərək, Prezident İlham Əliyevin qayğısı sayəsində gənclər siyasətinin həyata keçirilməsinə böyük diqqət yetirildiyini, gənc nəslin potensialının üzə çıxarılması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. B.Əzizov tədbirin tələbələrin dünyagörüşünü, intellektual bacarıqlarını, məntiqi təfəkkürünü inkişaf etdirmək məqsədilə 28 yanvar 2015-ci il tarixində QKDK ilə ADİU arasında imzalanmış təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair Anlaşma Memorandumu çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb. Aparat rəhbəri tələbələrin elmə və təhsilə olan maraqlarını artırmağa yönələn belə müsabiqələrin QKDK tərəfindən gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Tədbirin sonunda yarışın ilk 3 yerinin qalibləri üçün İNVESTAZ şirkəti tərəfindən ticarət hesabı açılmış, həmçinin QKDK tərəfindən müsabiqənin bütün iştirakçılarına sertifikatlar və “Paşa Bank” tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olunub.

Diaspora