Mayın 5-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr edilmiş “Tarixin yaddaşı silinmir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə veteranlar, elm, ədəbiyyat, incəsənət xadimləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbirdə əvvəlcə müharibə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Böyük Vətən Müharibəsinə həsr edilmiş videoçarx nümayiş olunub və yubileylə əlaqədar Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin hazırladığı fotosərgiyə baxış olub. Burada müharibə dövrünü əks etdirən və Bərpa Mərkəzi tərəfindən illər ərzində bərpa edilmiş nadir muzey əşyalarının bərpadan əvvəl və sonrakı vəziyyətini göstərən fotolar sərgilənib. Sərgidə Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin çəkdiyi diplom işi, “Bacım Hürriyyətin şəkli” adlı rəsmi, cəbhədən göndərdiyi məktubu, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanova məxsus geyim nümunəsi, xalq rəssamı Əzim Əzimzadənin müharibə əleyhinə karikatura və plakatları, xalq rəssamı Maral Rəhmanzadənin bu mövzuda bir sıra rəsmləri, eləcə də həmin dövrdə Azərbaycanın ictimai xadimlərinin, xalq rəssamlarının, ədiblərinin, bəstəkarlarının müharibənin çətinliklərinə baxmayaraq fəaliyyətlərini əks etdirən sənədlər nümayiş etdirib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev, muzeyin direktoru Nuridə Nurullayeva, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova və başqaları Böyük Vətən müharibəsi dövründə xalqımızın ön və arxa cəbhədə göstərdiyi rəşadətdən danışıblar.
O od-alovu gözləri ilə görmüş, SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuş veteranlar-Ömər Ağayev, Ədilə Yaqubova, Məhərrəm Ələkbərov və Əli Nəsirov cəbhə xatirələrini danışıblar. Bildirilib ki, 700 mindən çox həmvətənimizı cəbhədə döyüşüb. Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən Azərbaycan oğullarının 139 nəfəri Sovet İttifaqı Qəhrəmanı, 170 min nəfəri müxtəlif orden və medallarla təltif edilib, 300 min nəfəri isə geri qayıtmayıb.
Tədbirin sonunda Bakı Maliyyə-İqtisad Kollecinin tələbələri və 3 nömrəli incəsənət musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.