Gənc Tamaşaçılar Teatrının direktoru məşhur teleaparıcını sərt tənqid edib

Gənc Tamaşaçılar Teatrının direktoru məşhur teleaparıcını sərt tənqid edib backend

"Bu adamın teatrın fəaliyyətindən, repertuarından, tarixindən heç xəbəri yox imiş. Çox təəssüf edirəm ki, bu gün jurnalist, aparıcı Azərbaycan teatrının tarixini bilmədən bu şəkildə danışır.

Gənc Tamaşaçılar Teatrı Azərbaycan teatr tarixinə neçə-neçə böyük sənətkarlar bəxş edib və bu gün də bu proses davam edir. Teatrımızın 250-dən çox heyəti var. Bu qədər heyəti olan teatra necə "balaca" demək olar axı?!"

Bunu "Report"a açıqlamasında aparıcı Rövşanə Ağasəfqızının (Bektaşi) ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində işlətdiyi fikirlərə münasibət bildirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov deyib.

O qeyd edib ki, bəzi insanlar teatrları belə düşünülməmiş sözlərlə nəzərdən salırlar: "Mən xəbərləri saytlardan oxudum. Bu, Azərbaycan mədəniyyətidir, peşəkar milli teatrımızın ayrılmaz bir qoludur. İstər Şuşa Dövlət Musiqili Dram Teatrı olsun, istərsə də İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Azərbaycandakı məcburi köçkün teatrlarının dünyada analoqu yoxdur, bu teatrlar yaşamalıdır. Burada çalışan insanlan fədakardırlar ki, belə bir vəziyyətdə bu teatrları yaşadıblar. Bu adamın teatrın fəaliyyətindən, repertuarından, tarixindən heç xəbəri yox imiş. Belə fikirlərə qəti şəkildə etiraz edirik. 10 milyonluq xalqının qarşısına çıxıb belə sözlər söyləmək bilmirəm nəyə qulluq edir. Bu, çox düşünülməmiş fikirlərdir.

Qaldı ki, "teatra hərə bir sənət gətirir" sözünə, sənəti gətirmirlər, sənəti yaradırlar, yaşadırlar. Onu yaradanlar fədakar insanlardır, onlara dəstək olmaq lazımdır, belə sözlər demək lazım deyil".

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov Rövşanə Ağasəfqızı "Qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar" fikirlərinə görə tənqid edib. Bu zaman aparıcı deyib ki, bu onun şəxsi fikridir: "Niyə biz tənqidə açıq deyilik? Yenə də fikrimdə qalıram. Düşünürəm ki, balaca-balaca teatrlardansa, onu böyük etsinlər. Nəyə lazımdı bu cıqqılı teatrlar? İrəvan, Gənc Tamaşaçılar, Şuşa teatrları nəyə lazımdır? Yerindən duran ora sənət gətirir, biz də xəcalət çəkirik. Şuşa Teatrı nə edir?”
Diaspora