Akademik Milli Dram Teatrında "Cəhənnəm sakinləri” tamaşasının premyerası olub.
Teatrdan Qaziler.az-a verilən məlumata görə, xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesinin əsasında hazırlanan tamaşanın premyerasında hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.Səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Premyeradan əvvəl jurnalistlərə müsahibəsində xalq yazıçısı Elçin bildirib ki, onun müəllifi olduğu pyeslər Azərbaycanda və dünyanın ən böyük teatrlarında tamaşaya qoyulur: “Bu gün mənim üçün çox xoşdur. Çünki pyeslərim nəinki Azərbaycanda dünyanın ən böyük teatrlarında tamaşaya qoyulur. Amma səmimi şəkildə deyim ki, mənim üçün ən böyük yaradıcılıq hadisəsi - pyeslərin səhnə həyatı ilə əlaqədar deyirəm - ən böyük hadisə məhz bu teatrda olur. Bura bizim müqəddəs sənət ocaqlarımızdandır. Bu tamaşa ilk dəfə Bakıda rus dilində göstərilib. Başqa teatrlarda Azərbaycan dilində təqdim olunub. Amma Akademik Milli Dram Teatrında ilk dəfədir səhnəyə qoyulur. Bu, mənim Azər Paşa Nemətovla dördüncü yaradıcılıq işimdir. İlk işlərimiz 90-cı illərə təsadüf edir. Aradan 20 ilə yaxın zaman keçir. Mənim üçün çox xoşdur ki, biz yenidən yaradıcılıq işinə başlamışıq. Ümid edirəm ki, “Cəhənnəm sakinləri” tamaşaçıların xoşuna gələcək”.
Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu iştirak ediblər. Tamaşa aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb. Mövsümün ilk premyerası olan tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.