Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının tanınmış aktyoru Əjdər Zeynalov işdən uzaqlaşdırılıb.
"Ölkə.Az"-ın məlumatına görə, buna səbəb kimi onun işə gecikməsi göstərilib:"Mən səhər 10-un yarısında qol çəkməyə gəldim. Bildirildi ki, tabel hələ hazır deyil. On beş dəqiqə sonra yenidən qol çəkməyə gedəndə dedilər ki, Əjdər müəllim, siz qol çəkməyin, işdən çıxmısınız. Direktor İftixar Piriyevin təzyiqi ilə kollektivin bir neçə üzvü üzümə dayandı ki, guya 11-in yarısı gəlmişəm. Amma məsələ bununla bitmir. Axıra qədər mübarizəmi davam etdirəcəyəm. Əmrdə yazılanlar şər-böhtandır. İki günün içində haqqımda 4-5 təqdimat, şiddətli töhmət verildi. Bunun hamısı quramadır. Truppa müdiri Nemətova da üzümə dayandı ki, hə, gecikmisən. Ancaq İftixar Piriyev mənə dedi ki, adın siyahıda var, amma qol çəkməmisən. Əməkdaşlar şahiddirlər ki, işə vaxtında gəlmişdim. Ondan əvvəl də guya üç saat tez işdən çıxıb getmişəm, işin ahəngini pozmuşam. Məşqi olmayan adam burada nə etməlidir?".
Əjdər Zeynalov atacağı addımlar barədə də danışıb:
"Əmrin surəti əlimdədir. Əgər məni Mədəniyyət və Turizm Nazirliyində qəbul etsələr, dərdimi deyəcəyəm. Qəbul etməsələr, cənab Prezident İlham Əliyevə məktub ünvanlayacağam. Prezidentimiz çox humanistdir və öz vətəndaşlarının qayğısına qalmağı bacarır".
Qeyd edək ki, ötən gün Sərvər Əliyev sözügedən teatra baş rejissor təyin edilib.