16-cı əsrin dahi şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1908-ci ildə yaratdığı, Azərbaycan Milli Musiqi Mədəniyyətinin incisi hesab olunan "Leyli və Məcnun" operası ilk dəfə Moskva səhnəsində nümayiş olunacaq. Səhnə əsəri oktyabrın 16-da səhnələşdiriləcək.
110 illik tarixə malik, müsəlman Şərqinin ən böyük sevgi hekayəsi və ilk operası olan "Leyli və Məcnun" Rusiya Federasiyasında. Opera ilk dəfə olaraq Moskvanın ən böyük zalı hesab olunan "Krokus Siti Holl"da nümayiş olunacaq.Çoxillik tarixə sahib olmasına baxmayaraq, bugünədək Moskva səhnəsində tam nümayiş edilməyib. Oktyabrın 16-da Azərbaycandan gedən böyük bir heyət Rusiyadakı həmvətənlilərimizə və xarici vətəndaşlara Azərbaycanın nadir incisini tanıdacaq.
Tamaşa Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Studiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə nümayiş olunacaq.
Tamaşada əsas partiyaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistləri ifa edəcəklər. Azərbaycanın xalq artisti Mənsum İbrahimov "Məcnun", UNESCO-nun və beynəlxalq müsabiqələrin laureatı Arzu Əliyeva isə "Leyli" obrazında çıxış edəcəklər. Opera iki akt və dörd səhnədən ibarət olacaq. (xezerxeber.az)