Bəstəkarın qızı danışdı
Azərbaycanın görkəmli bəstəkarı Emin Sabitoğlunun “İstintaq” filiminə yazdığı məşhur melodiyası plagiat imiş. Bu barədə axar.az saytında məlumat yayılıb. Məlumata görə, həmin filmin melodiyası əslində ingilis rok qrupu “Rare Bird”in 1970-ci ildə bəstələdiyi “Simpatiya” əsəridir. Sonradan fransız bəstəkar Pol Moria da orkestr üçün işləyib.Qeyd edək ki, “Rare Bird” rok qrupu 1969-cu ildə İngiltərədə yaranıb. 4 nəfərdən ibarət qrupun ilk albomunun əsas mahnılarından biri məlum “Simpatiya” əsəridir. Qrup məhz bu melodiyaya görə məşhurlaşıb.
Azərbaycanın məşhur “İstintaq” filmi isə 1979-cu ildə çəkilib. Bəstəkarı da məlum olduğu kimi Emin Sabitoğludur. “Yeni Müsavat”ın əməkdaşı filmdəki məşhur melodiyanın plagiat olub-olmadığı haqda bəstəkarın qızı, musiqişünas, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova ilə əlaqə saxlayıb. C.Mahmudova məsələyə bu cür aydınlıq gətirdi:
“Məsələdən xəbərdaram, artıq bu haqda mənə zəng vurub bildiriblər. Həmin filmə musiqi yazılanda mən uşaq olmuşam, 5 yaşım olub. Ona görə də deyə bilmərəm ki, filmin musiqisi haradan götürülüb. Bildiyiniz kimi, 1979-cu il SSRİ dönəmi idi, həmin vaxt nə internet, nə də yeni xarici bəstəkarların əsərləri ilə tanış olmaq imkanı var idi ki, eşidib, istifadə edəsən. Beləliklə, melodiyanın necə yazılmasından xəbərsiz olduğum üçün bu haqda heç nə deyə bilmərəm. Bəlkə də Emin Sabitoğlu filmin rejissoru Rasim Ocaqovla birlikdə hansısa melodiyadan istifadə ediblər. Onların hər ikisi artıq dünyada yoxdur. Ona görə də məsələni dəqiqləşdirə bilmərik. Mən nə deyə bilərəm... ”