“Nar bağı” filmi Hollandiyada beynəlxalq film festivalında təqdim edilib

“Nar bağı” filmi Hollandiyada beynəlxalq film festivalında təqdim edilib backend

“Nar bağı” bədii filmi Hollandiyada keçirilən “Film by the Sea” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub.


Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, filmin nümayişlərində rejissor İlqar Nəcəf də iştirak edib.

Ekran əsərinin dünya premyerası Çexiyanın “Karlovı Varı” Beynəlxalq Kino Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. “Nar bağı”, həmçinin 11-ci "Asia Pacific Screen Awards" (APSA) mükafatına namizədlərin siyahısında yer alıb və Milli Komissiyanın qərarı ilə Amerika Kino Akademiyasının “Oskar” mükafatına “Xarici dildə ən yaxşı film” nominasiyasına təqdim edilmək üçün seçilib.

Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə “Ən yaxşı kişi rolu”, film “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb.

“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları aktyorlar Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıb.
Diaspora