“Azərkitab”da millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxmış “Sevgidən eşqə” və “Səni Allaha eşq götürür” adlı kitablarının imza günü və “Azərkitab”la Q.Paşayevanın birgə xeyriyyə aksiyası keçirilib.
Qaziler.az Kult.az-a istinadən xəbər verir ki, tədbiri açan Fəxriyyə Lilpar-İsayeva millət vəkilinin kitablarının mövzu və ideyasından danışıb. O bildirib ki, Qənirə Paşayevanın müəllifi olduğu hər iki kitabın satışından əldə olunacaq gəlir xərçəng xəstəliyindən əziyyət çəkən və müalicəyə ehtiyacı olan gənc fəal Arzu Qocayevə dəstək üçün ona hədiyyə ediləcək.“Azərkitab” Kitab Təbliğat Mərkəzinin rəhbəri Sabir Həsənov təşəbbüsü alqışladığını, bu işə böyük məmnuniyyətlə dəstək verdiklərini, gələcəkdə də belə təşəbbüslərə hər zaman açıq olduqlarını bildirib.
Millət vəkili Q.Paşayeva imza günü və xeyriyyə aksiyası üçün gələn çoxsaylı oxucuları, kitabsevərləri, sadə insanları bir arada görməkdən məmnun olduğunu deyib və onlara təşəkkür edib.
Tədbirə tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri, iş adamları, İraq türkmanlarının fəal təşkilat rəhbərləri, qardaş Türkiyə təmsilçiləri də qatılıblar. “Həyat” Fondunun rəhbəri Hacı Nuran, əməkdar artist Aybəniz Haşımova, “Sağlamlığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdiyeva və başqaları Qənirə Paşayevanı yeni kitabı münasibəti ilə təbrik etməklə yanaşı, aksiyada fəal iştirak ediblər.