Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür backend

Bu gün Azərbaycanın çox böyük və nadir şəxsiyyətlərindən biri - dahi Üzeyir Hacıbəylinin doğum günüdür.


Bəstəkar, musiqişünas, publisist, ictimail xadim olan Üzeyir Hacıbəyli 1885-ci il 18 sentyabrda Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəylilərin ailəsində anadan olmuşdur. 1897-ci ildə Şuşada Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə M. Füzulinin "Leyli və Məcnun" poeması əsasında göstərilmiş "Məcnun Leylinin məzarı üstundə" adlı musiqili səhnəcikdə xor dəstəsində iştirak etmişdir.

1899-da Şuşada Haşım bəy Vəzirovun müdir olduğu rus-tatar məktəbini bitirmişdir və elə bu il Qori müəllimlər seminariyasına qəbul olunmuşdur. 1904-cü ildə seminariyanı bitirib, ibtidai məktəb müəllimi diplomu almış, 1904-05-ci illərdə Hadrut kənd məktəbində müəllim işləmiş, burada rus dili, hesab, tarix və musiqidən dərs demişdir. 1905-ci ildə bəstəkar Bakı şəhərinə köçür, ədəbi-publisistik fəaliyyətə başlayaraq "Həyat" qəzetində tərcüməçi işləyir. Həmin zamandan nəşr edilməyə başlayan "İrşad" qəzetinin əməkdaşı olur.

1905-07-ci illərdə Bakı şəhəri yaxınlığındakı Bibiheybət kənd məktəbində ana dili, rus dili, riyaziyyat, çoğrafiya və musiqi müəllimi olmuşdur. 1907-də "Leyli və Məcnun" operası üzərində işə başlamışdır. Elə bu il Üzeyir bəyin tərtib etdiyi "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti" Orucov qardaşlarının mətbəəsində çapdan çıxmışdır. "Hesab məsələləri" kitabını da bu zaman yazmışdır.

1908-ci ilin 12 yanvarında professional Azərbaycan musiqisinin əsasını qoymuş "Leyli və Məcnun" operasının ilk tamaşası olmuşdur. Üzeyir bəy "İrşad" qəzeti redaksiyasında jurnalistlik fəaliyyətini davam etdirir, "Səadət" müsəlman xeyriyyə cəmiyyətinin açdığı eyniadlı məktəbdə rus dili, hesab və təbiiyyat fənlərindən dərs deyir, "Tərəqqi" qəzeti ilə əməkdaşlıq edir. 1909 il iyunun 28-də Əhməd bəy Ağaoğlu xaricə getdikdən sonra həmin ilin oktyabrınadək (qəzet çar hökuməti tərəfindən bağlananadək) Hacıbəyov qəzetin redaktoru olmuşdur.

1909-cu ilin 30 noyabrında, Bakıda "Şeyx Sənan" operasının ilk tamaşası olmuşdur. Bu ilin 20 dekabrında Hacıbəyli Məleykə xanım Terequlova ilə evlənmişdir. Elə bu zamanlarda Bakıda çıxan "Həqiqət" qəzetinin naşiri və baş redaktoru olmuş, 121 sayınadək qəzetə rəhbərlik etmişdir. 1910-cu ilin 24 mayında, Bakıda "Ər və arvad" musiqili komediyasının, 12 noyabrında isə "Rüstəm və Söhrab" operasının ilk tamaşası olmuşdur. 1911-ci ilin 25 aprelində Bakıda "O olmasın, bu olsun" musiqili komediyasının ilk tamaşası olmuşdur.

1912-ci ilin 10 martında Bakıda "Şah Abbas və Xurşid Banu" operasının, 18 mayında isə "Əsli və Kərəm" operasının ilk tamaşası olmuşdur. Bu ilin sentyabrında bəstəkar musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar "İqbal" qəzetində dərc olunmuşdur. Maddi ehtiyac üzundən Hacıbəyli Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmışdır.

1913-cü ilin avqustunda Hacıbəyli Peterburq şəhərinə gedərək, Peterburq konservatoriyasına daxil olmağa hazırlaşmışdır, bu zamanlar bəstəkar "Arşın mal alan" musiqili komediyası üzərində işləyir. 1913-cü il, 25 oktyabrında, Bakıda "Arşın mal alan" musiqili komediyasının ilk tamaşası olmuşdur. Hacıbəylinin "Arşın Mal Alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir. 1914-cü ilin 4 yanvarında Hacıbəyli Peterburq konservatoriyasına qəbul olunmuşdur. Lakin iyunda təhsilini yarımçıq qoyub, Bakıya qayıtmalı olmuşdur, bu dövrdə bəstəkar "Harun və Leyla" operası üzərində işləyir.

1918-ci ildə Hacıbəyli Azərbaycan opera artistlərinin İranın Ənzəli və Rəşt şəhərlərinə qastrol səfərinə rəhbərlik etmiş, bu ilin oktyabr ayından Bakıda "Azərbaycan" qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. 1919-cu ildə Hacıbəyli "Azərbaycan" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş və 1920-cu il aprelin 28-dək bu vəzifədə çalışmışdır. 1920-ci ildə Hacıbəyli musiqi akademiyası və xalq konservatoriyası açmağın və keçmiş musiqi məktəblərinin binalarını onlara verməyin zəruriliyi haqqında xalq maarif komissarına məruzə təqdim etmişdir, Qadınlar klubu (sonralar Ə. Bayramov ad. klub) nəzdində xalq çalğı alətləri orkestrini təşkil etmişdir.

1921-ci ildə Xalq Maarif Komissarlığı incəsənət şöbəsində musiqi bölməsinin mudiri vəzifəsinə təyin olunmuşdur, Azərbaycan Dövlət Konservatoriyasını yenidən qurmaq barədə xalq maarif komissarına məruzə təqdim etmişdir. Həmin məruzə Konservatoriyanın yaradılması üçün proqram kimi təsdiq edilmişdir. 1922-24-ci illərdə özünün təşəbbüsü ilə təsis olunmuş Azərbaycn Dövlət Türk Musiqi Məktəbinə rəhbərlik etmiş, 1926-cı ildə bu Texnikumu ADK ilə birləşdirilmişdir.

1928-ci ildə Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin olunmuş və 1929-cu ilədək bu vəzifədə çalışmışdır. 1932-36-cı illərdə bəstəkar "Koroğlu" operası üzərində işləyir, 1935-də "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülür. 1937-ci ilin 30 aprelində Bakıda "Koroğlu" operasının ilk tamaşası olmuşdur. Hacıbəyli "Azərbaycan SSR xalq artisti" fəxri adına layiq görülmüş, bu ilin dekabrında birinci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.

1938-ci ildə bəstəkar Moskvada Azərbaycan incəsənəti ongünlüyündə iştirak etmiş, "SSRİ xalq artisti" fəxri adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuş, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri seçilmişdir. 1939-da yenidən Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin edilmişdir.

1940-ci ildə P. İ. Çaykovski ad. Moskva Dövlət Konservatoriyasında "Azərbaycan xalq musiqisinin əsasları" mövzusunda məruzə etmişdir, professor adı almışdır. 1941-ci ildə Hacıbəyli "Koroğlu" operasına görə Stalin mükafatına layiq görülmüşdür. 1944-cü ildə SSRİ EA-nın Azərbaycan filialının incəsənət bölməsinin rəhbəri təyin olunmuşdur. Bu ilin dekabrında Azərbaycan Dövlət Simfonik Orkestrinə Hacıbəylinin adı verilmişdir. 1945-də bəstəkarın "Azərbaycan xalq musiqisinin əsasları" monoqrafiyası nəşr olunmuş, Hacıbəyli Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir. 1946-da "Arşın mal alan" kinofilminin musiqisinin müəllifi kimi Stalin mükafatına layiq görülmüşdür.

1948-ci ilin 23 noyabrında Üzeyir bəy Hacıbəyli vəfat etmişdir. Üzeyir bəy Hacıbəylinin anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilmişdir. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.
Diaspora