Ötən gün Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi əməkdar artist Cabir Abdullayevi işdən çıxarıb. İddia olunur ki, rektor iclasda tələbələrin xanəndədən razı olmadığını, onların daha çox Mənsum İbrahimov və Təyyar Bayramovun sinfində təhsil almaq istədiklərini deyib.
"Qafqazinfo” mövzu ilə bağlı Siyavuş Kərimi ilə əlaqə saxlayıb. Xalq artisti danışmaq istəmədiyini bildirib. Kərimidən fərqli olaraq əməkdar artist Cabir Abdullayev məsələyə aydınlıq gətirib.Tanınmış xanəndə hələ ərizəsini yazaraq işdən çıxmadığını söyləyib:
"Hələ bu barədə heç kimə müsahibə verməmişəm. Siyavuş müəllimin mənim barəmdə "Tələbələr sizdən razı deyillər. Onlar Mənsum İbrahimov və Təyyar Bayramovun sinfində təhsil almaq istəyirlər” deməsinə inanmıram. Orada gözəl sənətkarlar çalışır. Başda Alim Qasımov olmaq şərti ilə…Konservatoriyadan hələ ayrılmamışam, ərizə də yazmamışam. Dəqiq tam bir şey yoxdur.
Siyavuş müəllimlə heç bir problemim yoxdur, olmayıb. Başqası haqqında danışmaq, qalmaqal yaratmaq mənə yaraşmaz. İşdən çıxma məsələm dəqiqləşəndən sonra müsahibə verəcəm. Öz səviyyəmi qoruyaraq danışaram. Xalq bizdən qalmaqal gözləmir. Belə şeyləri özümə yaraşdırmaram”.
Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasın üç nəfər xanəndə-pedaqoq, iyirmi müşayiətçi-müəllim işdən azad edilib.