Bakı metrosu Milli Musiqi Gününü qeyd edəcək.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, “Bakı Metropoliteni” QSC növbəti sosial layihə gerçəkləşdirəcək. Sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Həmin gün respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir. Bu münasibətlə metropolitenin stansiyalarında artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.
N.Paşayevin sözlərinə görə, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək. Konsert proqramı saat 12:00-13:30-da “İçərişəhər”, saat 13:00-14:30-da “28 May”, saat 14:00-15:30-da “Elmlər Akademiyası”, saat 15:00-16:30-da isə “Memar Əcəmi” metro stansiyasında (Bənövşəyi xətt) baş tutacaq.