Daşkənddə keçirilən konfransda Azərbaycan da təmsil olunub

Daşkənddə keçirilən konfransda Azərbaycan da təmsil olunub backend

Beynəlxalq Əmir Teymur Xeyriyyə Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Teymurilər Tarixi Dövlət Muzeyi Daşkənddə “Teymurilər dövründə elm və mədəniyyət” adlı beynəlxalq elmi konfrans keçirib.


Tədbirə Fransa, Hollandiya, Türkiyə, Çin, Qırğızıstan, Qazaxıstan və digər dövlətlərin Teymurşünas alimləri, Əmir Teymur haqqında yazan yazıçıları qatılıb.

Konfransda ölkəmizi yazıçı-publisist, tarixi romanlar müəllifi, Əmir Teymur haqqında ikicildlik roman müəllifi Yunus Oğuz təmsil edib.

Konfransı Fondun sədri, professor Nazim Xabibullaev açaraq Əmir Teymurun həyatı və yürüşləri haqqında məlumat verib, görkəmli sərkərdənin dünya tarixindəki yeri və mövqeyi haqqında danışıb.

Tədbirdə iki gün ərzində “Əmir Teymur: Elm və mədəniyyət”, “Şərq-Qərb problemi kontekstində Teymurilər dövrünün incəsənəti”, “XIV-XV əsrlərdə Mərkəzi Asiyanın Çinlə iqtisadi və siyasi əlaqələri”, “Avropa şərqşünaslığı: Əmir Teymur və Teymurilər tarixi” və digər mövzularda məruzələr dinlənilib.

Yunus Oğuzun “Əmir Teymurun yeddiillik yürüşündə (1399-1404) Azərbaycan” mövzusundakı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Yunus Oğuz məruzəsində Əmir Teymurun Azərbaycana yürüşünün səbəbləri, Qarabağ Əmir Teymurun əsas qışlağı kimi, Beyləqan dağıdıldıqdan sonra bu şəhərin bərpa edilməsində Əmir Teymurun rolu, Araz çayından bu şəhərə kanal çəkilməsi, Beyləqanın Böyük İpək Yolu üzərində olan şəhərlərdən birinə çevrilməsi və digər məsələlər haqqında məlumat verib.

Məruzəçi bildirib ki, Beyləqandan başqa Əmir Teymurun təşəbbüsü ilə Gəncə, Bərdə, Təbriz və Naxçıvan şəhərlərində abadlıq işləri görülüb, Qarabağda heyvandarlığın inkişafı sürətlənib, yeni hökumət evləri, məscid və xanəgahlar tikilib, Arazdan kanal çəkilib və digər mühüm işlər görülüb ki, bu da regionda kənd təsərrüfatının inkişafına təkan verib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd
Diaspora