Kino xadimləri bir araya gəldi

Kino xadimləri bir araya gəldi backend

Sentyabrın 12-də Nizami Kino Mərkəzində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin yaşlı və orta nəsil kinematoqrafçılarla görüşü keçirildi. Görüş ölkədə kino işinin təşkili və kino sənətinin inkişaf etdirilməsi məsələlərinə həsr olundu.


Qaziler.az Modern.az-a istinadən bildirir ki, tədbirdə çıxış edən Ədalət Vəliyev milli kino sənayesinin inkişafı istiqamətində son on ildə görülən işlər, əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verdi.

Qeyd olundu ki, 2018-ci ildə 120 illiyi qeyd olunacaq Azərbaycan kinosu ötən müddətdə əlamətdar hadisələrlə zəngin inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk illərdə məlum səbəblərdən kino sənayesi tənəzzül dövrü yaşayıb. Amma qısa zamanda bu çətinliklər də aradan qaldırıldı. Mədəniyyətin digər sahələri kimi kino sənayemiz də inkişaf etməyə başladı.

Bildirdi ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki mərhələsində mədəniyyət və incəsənət xadimlərinə, o cümlədən kino sahəsində çalışanlara diqqət və qayğı ilə yanaşıb. Prezident İlham Əliyev bu siyasəti layiqincə davam etdirir. 2001-ci ildən kino sahəsində dövlət idarəetmə funksiyasının Mədəniyyət Nazirliyi (2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyi) tərəfindən həyata keçirilməsi başlandı və bu sahəyə büdcə vəsaitləri ayrıldı. Ölkə başçısının 2008-ci il 4 avqust tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” milli kino sənətinin inkişafında yeni mərhələnin başlanması idi.

Vurğulandı ki, son illərdə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 44 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 208 sənədli, 22 cizgi filmi və “Mozalan” satirik kinojurnalının 18 buraxılışı çəkilib. O cümlədən, dövlət sifarişi ilə Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə 9 bədii, 85 sənədli film həsr olunub, 2013-2016-cı illərdə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 75 sənədli film ərsəyə gətirilib.

Azərbaycanda kino sənayesinin böyük potensialın olduğunu deyən Ədalət Vəliyev qeyd etdi ki, bunu sovet dövründə rejissor, ssenarist, operator və aktyorlarımızın ərsəyə gətirdikləri dəyərli filmlər bir daha sübut edir. Bütün gücümüzü birləşdirib yenidən Azərbaycan kino sənayesini inkişafını təmin edərək, milli kinomuzun şöhrətini özünə qaytarmalıyıq.

Son illərdə kino sahəsində qazanılan uğurlardan danışan nazir müavini problemlərdən də bəhs etdi, kino qurumlarının gələcək fəaliyyəti ilə bağlı qarşıda duran məqsəd və vəzifələri diqqətə çatdırdı.

Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kinosunun 120 illik yubileyinə hazırlıq, kinonun inkişafı və təbliği məqsədilə bir sıra mühüm qərarlar qəbul edilib. Nazir Əbülfəs Qarayevin imzaladığı müvafiq əmrə əsasən, 15 sentyabr tarixində ölkəmizdə kino mövsümü başlayacaq. Bakıda və ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlər nümayiş olunacaq. Bu məqsədlə artıq 242 müəssisə kino mövsümünün açılışına hazırdır. Həmçinin özəl kinoteatrların gündəlik repertuarlarında milli filmlər üçün seansların ayrılması nəzərdə tutulub.

Diqqətə çatdırıldı ki, ötən müddətdə Azərbaycanın mədəniyyətini, tarixini, adət-ənənələrini, turizm potensialını, ölkəmizin müasir inkişafını əks etdirən bədii və sənədli filmlərin nümayişi məqsədilə Rusiya, İtaliya, Fransa, Türkiyə, İran, Macarıstan, Gürcüstan, Braziliya, İngiltərə, Koreya, Özbəkistan və Tacikistanda Azərbaycan kinosu günləri keçirilib. Bakıda üç dəfə Turizm Filmləri Festivalı və iki dəfə İdman Filmləri festivalının uğurla gerçəkləşib.

Görüşdə kino işçilərini maraqlandıran sualları cavablandırıldı, fikir mübadiləsi aparıldı.

Kinorejissor, Xalq artisti Oqtay Mirqasım belə görüşlərin təşkil olunmasının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, kino ictimaiyyətinin bir yerə toplanıb Azərbaycan kinosunun problemlərini müzakirə etməsi olduqca zəruri addımdır. Oqtay Mirqasım ölkəmizdə yeni istehsal olan filmlər arasında diqqətçəkən, çox maraqlı ekran əsərlərinin olduğunu dedi. O, bəzi filmlərə xaricdən rejissor, aktyor, rəssam, operator və digər sahələr üzrə mütəxəssislərin dəvət olunması məsələsinə toxunaraq ölkəmizdə də bu sahədə çalışa biləcək istedadlı kadrların olduğunu qeyd etdi.

Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev ölkəmizdə kino sənayesinin inkişaf etdirilməsi istiqamətində son illər uğurlu addımların atıldığını vurğuladı. Qeyd etdi ki, bu sahəyə gənclərin cəlb olunması, eləcə də işinin peşəkarı olan yaşlı və orta nəslin nümayəndələri olan kino işçilərinin birgə fəaliyyəti daha da uğurlu nəticələr verə bilər.

Əməkdar incəsənət xadimi, kino tarixçisi Aydın Kazımzadə gələn il Azərbaycan kinosunun 120 illiyi münasibətilə həyata keçilməsi vacib olan tədbirlərdən danışdı. Həmçinin qeyd etdi ki, araşdırma nəticəsində ilk Azərbaycan filminin istehsal olunduğu laboratoriya və ilk dəfə nümayiş olunduğu yerləri aşkara çıxarıb. A.Kazımzadə həmin ünvanlara bu tarixi hadisəni əks etdirən lövhənin vurulmasının önəmli olduğunu dedi.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov ölkəmizdə kino sənayesinin inkişaf etdiriləsi istiqamətində atılan addımlardan danışdı, bunun üçün Türkiyə və İranın təcrübəsindən yararlanmağı təklif etdi. Qeyd etdi ki, bu gün Türkiyənin dünya serial bazarında yüksək bir yer tutmasında kino sahəsində təhsil verən ali məktəblərdə xaricdən dəvət olunan təcrübəli müəllimlərin böyük rolu var.

Əməkdar incəsənət xadimi, rejissor və kinoşünas Ayaz Salayev, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev və digər çıxış edənlər milli kino sənayesinin inkişafı istiqamətində öz təkliflərini səsləndirdilər.
Diaspora