İranlı tədqiqatçı və şair Əkbər Həmidi Əlyar, şair Nadir Fazil və Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlarla görüşdə dahi dramaturq, filosof-şair Hüseyn Cavidin zəngin yaradıcılığı haqqında geniş fikir mübadiləsi aparılıb, ədibin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” əsərlərindəki ümumbəşəri ideyalardan danışılıb.
İranlı tədqiqatçı muzeylə əməkdaşlığından söhbət açıb. Bildirib ki, Hüseyn Cavidin “Peyğəmbər” və “Şeyx Sənan” əsərləri artıq farscaya tərcümə edilib və onun irsi İranda geniş şəkildə təbliğ olunur. O, yaxın vaxtlarda “Maral” əsərinin də fars dilinə tərcümə ediləcəyini diqqətə çatdırıb.