Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
Bir çox mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə müəyyən kimi işlər görməyi planlaşdırırlar.
Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100” mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə çalışacaq.
Bu dəfə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov rəhbəri olduğu qurumun Cümhuriyyətin 100 illiyi ilə bağlı görəcəyi işlərdən danışıb:
“Bu məsələ Mədəniyyət və Turizm Nazirliyində ümumi studiyalarla birlikdə müzakirə edildi. Orada bir çox mövzular müzakirə olunub. Onlardan biri AXC dövründə Avropada təhsil alan tələbələrin həyatı haqqında film olacaq. Bilirsiniz ki, o zaman 100 tələbə ölkə xaricinə ali təhsil almağa göndərilmişdi. Onların ümumiləşdirilmiş taleyindən bəhs edən maraqlı film çəkiləcək.
İkinci film mövzusunu isə demək istəməzdim. Hələ Bədii Şuradan keçməyib. Hər iki mövzu üzərində bu dəqiqə müzakirələr gedir. Biri-bayaq dediyim tələbələrin həyatı haqqında filmin çəkiləcəyi dəqiqdir, təsdiq olunub. İkincisi isə bədii film kimi nəzərdə tutulub. Ssenari işləri hazırlanır, müzakirələr gedir. Təsdiqini gözləyirik”.