Nazirlikdən Ququşun iddialarına cavab verildi

Nazirlikdən Ququşun iddialarına cavab verildi backend

Mədəniyyət və Turizm Nazirliyi müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, son günlər müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi ilə bağlı sensasiya xarakterli məlumatlar yer alıb:

"Mətbuatda yazılanlarla əlaqədar bildiririk ki, müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı nazirliyə müraciət daxil olmayıb. İlk növbədə onu qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir".

Qeyd olunur ki, bu cür kommersiya məqsədli, yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları ölkəmizin müvafiq qanunvericiliyinə uyğun olaraq özəl qurumlar və prodüser mərkəzləri tərəfindən təşkil oluna bilər:

"Buna misal olaraq, son illər paytaxt Bakıda, eləcə də bir sıra şəhər və rayonlarımızda xarici populyar müğənnilərin konsert proqramlarının keçirilməsini nümunə kimi göstərə bilərik. Ölkəmizdə öz tamaşaçı auditoriyası olan istənilən əcnəbi müğənninin də konsertinin təşkil olunmasına nazirlik olaraq hörmətlə yanaşırıq.

Eyni zamanda diqqətə çatdırırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan və daxil olmayan konsert salonlarında tədbirlərin təşkili həmin müəssisə və prodüser mərkəzləri arasında bağlanılmış müqavilə əsasında müvafiq vergi, icarə və digər təşkilatı xərclər ödənilməklə həyata keçirilir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyindən rəsmi icazə alınması tələb olunmur".
Diaspora