Xərçəng xəstəliyi bu aktyorumuzun dünyaya tanınmasına mane oldu- ARAŞDIRMA

Xərçəng xəstəliyi bu aktyorumuzun dünyaya tanınmasına mane oldu- ARAŞDIRMA backend

Bu böyük aktyoru kino heç zaman özünə o qədər də çəkməyib. Lakin çəkildiyi yeddi filmlə nəinki Azərbaycanda, eləcə də keçmiş Sovet İttifaqında tanındı. Onun 1966-cı ildə çəkildiyi bir film - “Nəsrəddin xocanın 12 məzarı” bəs edir ki, istedadlı aktyor kimi bütün sovetlər miqyasında tanınsın.

Moderator.az-ın haqqında danışdığı böyük aktyor, məşhur komediya ustası Bəşir Səfəroğludur:
1965-ci ilin yay aylarında “Mosfilm”in rejissoru Klimenti Mints Tacikistanda Orta Asiya folklorunun əvəzedilməz qəhrəmanı olan Nəsrəddin xoca haqqında film çəkmək istəyir. Filmin əsas qəhrəmanı olan Nəsrəddin xocanı ifa edəcək aktyor isə sırf Şərq xarakterini özündə birləşdirməli idi. O cümlədən Xoca Nəsrəddinin konkret, yığcam yumoru, o yumorun alt qatında gizlənən mürəkkəb və çoxşaxəli məna həmin aktyorun özündə də olmalı idi. Uzun axtarışdan sonra Azərbaycandan dəvət olunan aktyorun – Bəşir Səfəroğlunun rola tam uyğun gəldiyi anlaşılır.

Film Nəsrəddin və zaman maşınında səyahət mövzusunda rəngli fantaziyadır. 2 hissədən ibarətdir. Birinci hissədə hadisələr Molla Nəsrəddinin öz çağında baş verir. Orada onu daim etdiyi “günahlara” görə cəzalandırmağa çalışırlar. Janrın qanunlarına görə, bütün çabalar cəlladlar və hakimlər üçün uğursuz bitir.

İkinci hissə “Nəsrəddin XX əsrdə” adlanır. Dirilmiş heykəl səkidən düşür və yeni şəhərin küçələrini gəzir. Amma yenə hakim qüvvələrlə üzləşir. Və bu yenə həmin simalardır, ancaq indi əyinlərində qalstuk və tünd pencəklər var...
Amma yaxşı deyiblər: sən saydığını say, gör fələk nə sayır. Yenidən özünü toparlayıb, parıldadığı, aktyor kimi özünü daha böyük miqyasda tanıtdırdığı bir ərəfədə Bəşir Səfəroğlu yeni bir acı mərhələyə start verir.



1941-ci ilin sonunda müharibəyə yollanan aktyor 1942-ci ildə ağır döyüşlərin birində kontuziya alaraq, ordudan tərxis edilir. Bu zaman gələcəyin məşhur aktyorunun dili tutulur, qulaqları isə ağır eşidir. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyir.
Sonradan həyatının gərgin çağlarındaqəribə sürprizlə rastlaşır, möcüzə baş verir. Kontuziyadan əziyyət çəkən gənc aktyorun dili açılır.
Həmin vaxtdan etibarən fiziki cəhətdən problemləri olan aktyor teatr səhnəsində bir-birindən maraqlı rollar ifa edir.

Bu dəfə isə aktyor xərçəngə məruz qalır. Bu elə bir dönəm idi ki, “Nəsrəddin xocanın 12 məzarı”nda çəkiləndən sonra ümumittifaq miqyasında özünü təsdiqləyən Bəşir Səfəroğlunun irəli getməsi üçün əla bir imkan yaranmışdı. Amma həyat yenə də ona daha da irəli getməsinə imkan vermədi. Ondan xəstəliyini gizlədirlər. Yaxın dostuna bir dəfə çox and-aman edir ki, ona səhhəti barəsində düzünü desin. O isə demir. Bəşir onu övladlarının canına and içməyə məcbur etsə də, yenə həqiqəti ona demirlər.
Qızı xalq artisti Afaq Bəşirqızı bir zamanlar mətbuata müsahibəsində atasının xəstəliyi və ömrünün son günləri barədə bunları deyib:

“Bəlkə də Bəşir Səfəroğlunun ağır əməliyyatdan sonra bir il iki ay yaşamasının səbəbkarı məhz həkimin onun aldatması olub. Həkim təsadüfən beşinci mərtəbəyə qalxan qonşumuza məqam tapıb deyə bildi ki, “bu nömrəyə zəng edəcəklər, Bəşir Səfəroğlu ikinci telefonda qulaq asacaq. O, diaqnozu soruşanda deyin ki, heç nə yoxdur”. Sağ olsun həmin o qonşu ki, onu elədi. Bizimkilər zəng edib soruşanda ki, düzünü deyin, cavab verdi ki, Bəşir Səfəroğluda heç nə yoxdur. Ondan sonra Bəşir Səfəroğlu şən bir mahnı çaldı.



Müharibədə mina partlamışdı, atam da kontuziya almışdı. Müharibədən lal və kar qayıtmışdı. Üç il belə davam etdi. Sonra indiki Statistika Komitəsinin qabağında tramvayı görəndə təsadüfən dili də, qulağı da açılmışdı”.

Əslində Xoca Nəsrəddinlə Bəşir Səfəroğlu haqqında paralel danışmaq özündə incə bir mətləbi gizlədir. Belə ki, onların ikisi də bir-birlərinə çox doğma idilər. Bəşir həyatda necə idisə, onu məhz Xoca Nəsrəddinin timsalında göstərmişdi.
Amma heç Xoca Nəsrəddinin özü də bilmirdi ki, o, bunu xərçəng xəstəsi ola-ola edir.

moderator.az
Diaspora