Orta Asiyanın nüfuzlu ali məktəblərindən olan Daşkənd İslam Universitetində yaradılan Beynəlmiləl tələbə hərəkatı ilk tədbirini Azərbaycana həsr edib.
Axar.az xəbər verir ki, tədbirə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan Diaspor təşkilatı dəstək verib. Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi-Əlişir Nəvai dövründən başlanan Azərbaycan-Özbəkistan dostluğunun tarixinin qədim dövrlərə təsadüf etdiyindən danışıb. Daha sonra Azərbaycanın son illər əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub, Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərindən səhnələr təqdim edilib.Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan mədəniyyətinə dair suvenirlərin, milli musiqi alətlərinin sərgisi keçirilib.