Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filmi beynəlxalq film festivalına dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, yeni ekran əsərinin beynəlxalq təqdimatı 41-ci Montreal Beynəlxalq Film Festivalında baş tutacaq. Festival avqustun 24-dən sentyabrın 4-dək Kanadada keçiriləcək.
Qeyd edək ki, Montreal Film Festivalı Şimali Amerikada FIAPF (Kinoprodüserlər Birliklərinin Beynəlxalq Federasiyası) tərəfindən tanınan yeganə müsabiqə film festivalıdır.
“Üçüncü günün adamı” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Film Qarabağ mövzusundadır. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir...
Filmin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.