Azərbaycan və Ukrayna arasında mədəni əlaqələrin inkişafı üçün yeni layihəyə start verilir.
Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Ukraynanın Mədəniyyət Nazirliyi və səfirlik “Mənim mahnım” adlı birgə layihənin gerçəkləşməsi üçün razılıq əldə ediblər. Layihə çərçivəsində hər iki ölkənin tanınmış müğənnilərinin, solistlərinin, opera ifaçılarının iştirakı ilə konsertlər təşkil olunacaq.
İlk belə konsert oktyabrın sonunda Kiyevdə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə keçiriləcək.
Ukrayna tərəfindən ölkənin xalq artisti Vladimir Qrişkonun rəhbərlik etdiyi opera və estrada müğənniləri, Azərbaycandan isə tanınmış opera və estrada müğənniləri Azər Zeynalov, Afaq Abbasova və Samir Cəfərov iştirak edəcəklər.