Musiqili Teatrın “2015-ci kvartal”ı

Musiqili Teatrın “2015-ci kvartal”ı backend

Azərbaycan Dövlət Musiqili Teatrında daha bir yeni tamaşanın məşqlərinə başlanılıb. Söhbət İlqar Fəhminin “2015-ci kvartal” əsərindən gedir.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaradıcı heyəti əsasən gənclərdən ibarət olan bu tamaşanın quruluşçu rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir. Onlar bu tamaşa ilə Musiqili Teatrda həm də rejissor kimi debüt edəcəklər. “İnsanların mənəvi aşınması, cəmiyyətdə təmiz və köməksiz insanların iç dünyası, köhnə Bakı haqqında nostalji hisslər və əzəmətli yeni Bakı haqqında düşüncələr tamaşanın leytmotivini təşkil edir. Səhnə əsərinin “2015-ci kvartal” adlandırılması da təsadüfi deyil. Hamı inanır ki, 2015-ci il böyük layihələr, yeniliklərlə yadda qalacaq. Təqribən bir aydan sonra başlanacaq Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun əyani sübutudur”, - deyə Anar Sadıqov və Əlif Cahangirli tamaşa haqqında danışarkən bildiriblər.

Səhnə əsərinin quruluşçu rəssamı Elgün Vəliyev, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada Gültac Əlili, Əliməmməd Novruzov, Emil Heydərov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Nicat Əli, Fərid Rzayev, Nərmin Əliyeva, Rəmail Bayramlı kimi gənclərlə yanaşı, xalq artisti Ramiz Məmmədov, əməkdar artist Şövqi Hüseynov və Nadir Xasıyev də iştirak edir.

Tamaşanın bədii rəhbəri xalq artisti Azərpaşa Nemətovdur.
Diaspora