Bu gün Xalq artisti, Azərbaycan kinosunun ən yadda qalan obrazlarını yaradan aktyor Rasim Balayevin 69 yaşı tamam olur.
1948-ci ilin bu günündə Ağsu şəhərində anadan olan aktyor Azərbaycan kino tarixində Babək, Nəsimi, Beyrək, Cavid, Axundov və bu kimi 60-dan çox obrazı canlandıran Rasim Balayev özünəməxsus dəsti-xətti ilə seçilir.Aktyorun əsas rollarla yanaşı, ikinci dərəcəli və mənfi personajları da böyük ustalıqla canlandırıb. Bu səbəbdən də hər zaman aktiv kino həyatı olan aktyor zaman-zaman Türkiyə, Rusiya və Tacikistan kinomatoqrafçılarının da diqqətini özünə cəlb edib.
Aktyorun yaxın dostu, dünya çapında tanınan alim, professor Rafiq Əliyev Moderator.az saytına açıqlamasında Rasim Balayevə maraqlı təbrik ünvanlayıb:
“Elə insanlar var ki, onlar bioloji ömür yaşayırlar: məsələn, 50 il, 70 il, 100 yüz il... Amma Nizaminin, Füzulinin, o cür şəxsiyyətlər ömrü nə qədərdisə, Rasimin də ömrü o qədərdir. O, adını tarixə yazdı. 1000 il keçəcək, amma yenə də Nəsimi deyiləndə Rasim yada düşəcək. Ona bircə arzum var: Rasim heç vaxt Nəsimi kimi soyulmasın, möhkəm olsun. O, çox böyük sənətkardı. Hazırda ölkə xaricindəyəm, sizin vasitənizlə onu təbrik edirəm”.