Rəssamlar İttifaqında “Yay” sərgisi açılıb

Rəssamlar İttifaqında “Yay” sərgisi açılıb backend

Avqustun 7-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Yay” adlı rəsm sərgisi açılıb.


Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgi Yaradıcı Qadınlar Assosiasiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil olunub.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov və Milli Məclisin deputatı İlham Məmmədov sərginin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, sərginin ekspozisiyasında Yaradıcı Qadınlar Assosiasiyasının üzvü olan 60-dək fırça ustasının 150-dən çox sənət əsəri nümayiş olunur. Ekspozisiyada sərgilənən sənət əsərlərinin məna və mövzu baxımından dolğunluğundan söz açan natiqlər deyiblər ki, ziyarətçilər bir həftə davam edəcək sərgidə rəngkarlıq, yağlı boya, akvarel və dekorativ tətbiqi sənətə aid müxtəlif mövzulu portretlər görə biləcəklər.

Qeyd edilib ki, sərgidəki rəsmlərdə qadın gözəlliyi və xoşbəxtliyi, gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərliyin və xeyirxahlığın ifadə olunduğu mövzulara yer verilib. Sərgiyə təqdim olunan sənət əsərlərində incəsənətin bütün janrlarını görmək mükəmməl təəssürat yaradır. Habelə, ekspozisiyada yer alan əsərlərin təbiət, mənzərə, güllər, ilin fəsilləri, vətənpərvərlik, duyğusallıq və fəlsəfi mövzularda olması sərgiyə əlavə ovqat qatır.

Sonda Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri Afaq Hüseynova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Diaspora