Azərbaycan Prezidenti İlham Əliyev mərhum bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda 2017-ci ilin noyabr ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Emin Sabitoğlunun anadan olmasının 80 illiyinin tamam olduğu bildirilir.
Qeyd edilir ki, Emin Sabitoğlu rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən şəxsiyyətlərdəndir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirib, çox sayda kinofilmlər və teatr tamaşaları üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaradıb.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılır.