Bakıda, “Art Tover” qalereyasında ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək.
Festival Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə baş tutacaq. Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.O deyib ki, oktyabrın birinci ongünlüyündə keçirilməsi planlaşdırılan festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid foto və rəsm əsərləri nümayiş olunacaq. Müxtəlif rəsm qalereyalarında keçiriləcək festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etmək, yeni potensiala malik yaradıcı insanları kəşf etməkdən ibarətdir. Festival adət-ənənələri qorumaq, təbliğ etmək, gənclərin əl işlərini nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Bir həftə davam edəcək festivalın kuratoru gənc xalçaçı-rəssam Nəsrin Şirinovadır.