Almaniyada Azərbaycana həsr edilmiş Yay Festivalı keçirilib

Almaniyada Azərbaycana həsr edilmiş Yay Festivalı keçirilib backend

Almaniyanın Kleinsassen şəhəri ənənəvi keçirdiyi Yay Festivalını bu il Azərbaycan mövzusuna həsr edib. “Nar və Odlar yurdu” adı ilə keçən çoxşahəli mədəniyyət və incəsənət proqramı avqustun sonunadək davam edəcək.


Festivalın mühüm və uğurlu tədbirlərindən biri də 28 iyul Avropa Əməkdaşlıq Forumunun sədri, Alman-Azərbaycan Forumunun mədəniyyət şöbəsinin rəhbəri Samirə Patser-İsmayılovanın “Azərbaycanın mədəniyyət tarixi və müasir cəmiyyətin inkişafı” mövzusunda mühazirəsi olub. Mühazirə axşamını Kleinsassen Mədəniyyət Mərkəzinin direktoru Monika Ebertovski açaraq festival haqqında məlumat verib. Samirə Patser-İsmayılova 70 dəqiqəlik çıxışında Azərbaycanın mədəniyyət tarixi, incəsənətin bütün sahələri ilə yanaşı, dinləyiçilərə Qara Yanvar hadisələri, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətləri açıqlayıb. Mühazirəçi Qarabağ mədəni irsinin, incəsənət incilərimizin qorunması və təbliği məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr haqqında məlumat verib, qonaqların suallarını cavablandırıb.

Samirə Patser-İsmayılova festival rəhbərliyinə Almaniyanın Vinand nəşriyyatında çıxan “Azərbaycan – mədəniyyət və mətbəx” kitabını təqdim edərək, ölkəmizin səfalı, rəngarəng təbiətli bir diyar olduğunu vurğulayıb. Mühazirəni dinləyən bir çox almanlarda Azərbaycana səyahət istəyi yaranıb və bununla əlaqədar respublikamızın turizm imkanları müzakirə edilib. Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Samirə Patser-İsmayılova Azərbaycanı Almaniya ictimaiyyətinə hərtərəfli təqdim edərək, ölkəmizin müasir nailiyyətləri, cəmiyyətdəki aktual qurucu tendensiyalar və inkişaf yollarından danışıb.

Yay Festivalının proqramı zənginliyi ilə seçilirdi. Burada alman ictimaiyyətinin nəzərinə Azərbaycanın 30 rəssamının əsərlərindən ibarət “Fantaziya və dünyaya baxış” mövzusunda sərgi ilə yanaşı, bir sıra tədbirlər, o cümlədən Bakını əks etdirən fotosərgi, Azərbaycan muğam-caz axşamı, “Almanların Azərbaycanda məskunlaşma tarixi”ndən bəhs edən sərgi və buna dair Dr.Eva Auxun mühazirəsi, bəstəkar Arif Mirzəyevin konserti, “Azərbaycan nağılı” axşamı və digər tədbirlər təqdim edilib.

Sərginin rəhbəri Dr.Elizabet Hayl və Kleinsassen Mədəniyyət Mərkəzinin direktoru Monika Ebertovski böyük təşkilati iş apararaq, Azərbaycana olan maraqlarını incə zövq, peşəkarlıq və yüksək səviyyəli yaradıcı münasibətlə həyata keçirməklə festivalda Azərbaycanın hərtərəfli təqdimatına nail olublar.

Festivalın ən önəmli xüsusiyyətlərindən biri də rəsm sərgisində ölkəmizlə yanaşı, İrandan olan Azərbaycan mənşəli gənc rəssam qadınların əsərlərinin göstərilməsi idi. Belə bir konseptin izlənməsi və həyata keçirilməsi məhz xanım Ebertovskinin və bir sıra digər qurumların əməkdaşlıq xidmətidir. Qeyd edək ki, Mədəniyyət Mərkəzinə bu festivalın təşkilində Almaniyanın Fulda və Kleinsassen şəhər rəhbərlikləri, “Sparkasse” bank şəbəkəsi, “Berlin-Bakı” Qalereyası, Bakıdakı Q-qalereya, Tehrandakı Neu Bureu rəsm qalereyası, “Avroqafqaziya” elmi cəmiyyəti dəstək veriblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin
Diaspora