Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə mərasim keçiriləcək.
Kino işçilərinin peşə bayramı, ənənəyə uyğun olaraq, bu il də yeni ekran əsərinin premyerası ilə yadda qalacaq.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində kinorejissor İlqar Nəcəfin “Nar bağı” bədii filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən ekran əsəri “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” şirkətinin birgə istehsalıdır. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Film maraqlı bir ailə dramı üzərində qurulub. Qabil 12 il əvvəl, heç kimlə sağollaşmadan, gizli tərk etdiyi evinə qayıdır. Lakin onun geridə buraxdığı dərin emosional yara hamının xatirindədir və asanlıqla unudula bilməz
Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.
Qeyd edək ki, filmin dünya premyerası “Karlovı Varı” Beynəlxalq Kino Festivalında baş tutub.