Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ağdam rayonunun işğal günü ilə əlaqədar şair Rəfail Tağızadə ilə görüş keçirildi.
Qaziler.az xəbər verir ki, tədbiri kitabxananın direktoru Tahir Sadıqov açaraq, şairin həyat yolu haqqında iştirakçiları məlumatlandırdı. Milli Ordumuzun zabiti olaraq Qarabağ ağrısının içindən keçən, həm də dəyərli vətəndaş, gözəl şair kimi bu ağrıları içindən keçirən Rəfail Tağızadənin yaradıcılığının əsas mövzusunun Qarabağ olduğunu qeyd etdi.
Sonra “Ulduz” jurnalının baş redaktoru, şair, əməkdar jurnalist Qulu Ağsəs şairin ədəbi fəaliyyətindən söz açaraq, Rəfail Tağızadənin poeziyasını elitar poeziya adlandırdı. Və Rəfail Tağızadənin çox uğurlu qələmi olduğunu bildirdi.
Rəfail Tağızadə poeziyasından söz açaraq, “onun şeirlərini oxuduqca adamın gözü önündə tablo canlanır” deyən, Azərbaycan Respublikasının əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov şairin “Qaçqın uşağı” və “Qarabağ” şeirlərini səsləndirdi.
Yazıçı Eyvaz Zeynalov Rafail Tağızadəni hələ Ağdamdan tələbə vaxtı, sonra hərbidə olduğu vaxtlardan tanıdığını, daha sonra şeirlərindən tanıdığından söz açdı.
Qarabağ, Ağdam dərdli Hacı Əkbər Rüstəmov Ağdamlı günlərdən, döyüşdən və Rafail Tağızadənin publisistik yazılarında, Qarabağ şeirlərində Qarabağ reallıqlarlarının əsk olunduğunu diqqətə çatdırdı.
Qarabağ qazisi Rey Kərimoğlu öz çıxışında Ağdamın işğalından söhbət açdıqdan sonra Rafail Tağızadənin şeirlərinin ilk oxucusu olduğunu bildirdi və şairin Qarabağ, Qarabağ Qaziləri haqqında yazdığı publisistik yazılardan, “Qarabağ qazisi haqqında ballada” poemasından, “Qazi toyu” şeirindən danışdı.
"Milli Qəhrəman Fred Asif Fondu"nun prezidenti, Qarabağ qazisi Ədalət Məhərrəmov Ağdamın işğalından danışdıqdan sonra Rafail Tağızadənin yazdıqları ilə şəxsiyyəti arasında vəhdət təşkil etdiyini diqqətə çardırdı.
Çıxışına Qarabağ məsələsi və müasir dövrümüzün kültür problemlərindən başlayan “Qarabağ Hərəkatı”nın başqanı Vasif Qurbanzadə hazırda Azərbaycanda istedadın yetim olmasını, torpağı bölünmüş xalqın bütöv mədəniyyəti ola bilməzliyini önə çəkdi. Və çıxışını Rəfail Tağızadənin poeziyası ilə bağlı fikirlə yekunlaşdırdı.
Bakir Həsənbəyli çıxışında Rəfail Tağızadənin sözlə rəsm çəkməyindən, onun ziyalılığından, bütövlüyündən bəhs etdi.
Politoloq Taleh Əliyev Ağdamsızlıq, Qarabağsızlıq acısı, millətin unutqanlığı və Rəfail Tağızadə poeziyasında Qarabağ mövzusu haqqında fikirlərini bölüşdü.
Şairlərdən Nadir Qədimli, Rafiq Ağdamlı, jurnalist Rəsmiyyə Rzalı, Tahirə Məmmədova, Mehriban Abdullayeva, Solmaz Kürçaylı və Elman Abbasov tədbirin keçirilməsini tədqirəlayiq hesab edərək belə tədbirlərin televiziya vasitəsi ilə işıqlandırılsının vacibliyini vurğuladılar və Rəfail Tağızadəyə yaradıcılıq uğurları arzuladılar.
Tədbirin sonunda şair Rəfail Tağızadə kitabxana rəhbərliyinə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.