Kukla Teatrı mövsümə yekun vurub

Kukla Teatrı mövsümə yekun vurub backend

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünü başa vurub.


Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə təşkil edilən tədbirdə teatrın truppası və nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadları tərəfindən müxtəlif tamaşalardan parçalar, musiqi nömrələri təqdim olunub.

Kukla Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Rəşad Əhmədzadə 85-ci mövsümdə teatrın əldə etdiyi uğurlardan bəhs edib. Bildirib ki, mövsümdə bir sıra uğurlara imza atan teatrın kollektivi XI “Muraveynik” və V “Orteke” beynəlxalq kukla teatrları festivallarında yüksək mükafatlar qazanıb. Mövsüm ərzində sənət ocağı altı yeni tamaşa təhvil verib.

Bundan başqa, “Oyuq” teatr-studiyasının balaca aktyor-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival”ında Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edərək ifaçılıq nominasiyasında birinci, “Əlimdən tut” adlı ifa ilə isə festivalın mahnı nominasiyasında ikinci olub.

Tədbirin sonunda il ərzində Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı işıqlandıran bir neçə media təmsilçisi Milli Mətbuat Günü ərəfəsində “Teatrın dostu” mükafatı ilə təltif olunub.
Diaspora