«Dərdimiz yetim qalsa...»

«Dərdimiz yetim qalsa...» backend

«Nərgiz» nəşriyyatında yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Qızıl qələm» mükafatı laureatı Yusif Millətoğlunun dünya şöhrətli alim, görkəmli kristalloqraf, təbiətşünas-filosof Xudu Məmmədova həsr etdiyi «Dərdimiz yetim qalsa...» kitabı çapdan çıxıb.


Müəllif kitabda üzun illər ərzində Xudusevərlərin dilindən, yazılı mənbələrdən Xudu müəllimlə bağlı olan qısa, yığcam, lakin olduqca mənalı əhvalatları, söhbətləri «Xudu Məmmədov: Həyat səhifələri (bioqrafik lövhələr)» və Xudu Məmmədova həsr etdiyi «Dərdimiz yetim qalsa...» adlı portret-poemanı oxuculara təqdim edir.
Nəsrdə dünya şöhrətli alim haqqında Nobel mükafatı laureatı Con Bernalın «Xudu Məmmədov həyatımı həsr etdiyim suala cavab taparaq, cansız aləmlə canlılar arasında körpü sala bilmişdir», Çingiz Aytmatovun «Fəxr edirəm ki, Türk dünyasında Xudu Məmmədov kimi ziyalı var», akademik Belovun «Mən Xuduya bir öyrətmişəmsə, bundan üç dəfə çox Xududan öyrənmişəm» və digər tanınmışların müxtəlif zamanlarda söylədikləri fikirləri çap olunub, kitabda həm də Xudu Məmmədov ömrünün ayrı-ayrı məqamlarını əks etdirən fotoları yer alıb.
Müəllif kitabın «Ön söz»ündə yazır: «Xudu müəllim elmdə bir nəfəs idi. Ömür vəfa etmədi ki, elmimizin özü bu nəfəsdən kifayət qədər bəhrələnsin. Ürəyi tablaşmadı çəkdiklərinə. Nəticədə, qəlbimizi isidən işıq 1988-ci ilin son baharında qəflətən söndü. Ancaq nuru gözlərimizdə, odu isə ürəklərimizdə qalmaqla...».

Əziz oxucu, ümid edirik ki, bu kitabı müəllifdən dünya şöhrətli alimin, Böyük İnsanın anadan olmasının 90 illiyi ərəfəsində yubiley hədiyyəsi kimi qəbul edəcəksiniz..

Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Qəşəm İlqar Yurddaş, məsləhətçiləri kimya elmləri üzrə fəlsəfə doktoru V.Ə.Qasımov və kimya elmləri üzrə fəlsəfə doktoru H.Ə.Hüseynovdur.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Müəllif kitabın ərsəyə gəlməsi üçün təşəbbüs göstərən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova, İcra aparatının Tikinti və Bərpa şöbəsinin müdiri, Baş memar Abduləli Mehdiyevə və sahibkar Nəriman Şirəliyevə minnətdarlığını bildirir.

Qeyd edək ki, 1956-cı ildə Ağdam rayonunun Mərzili kədində anadan olan Yusif Millətoğlu hələ orta məktəbdə oxuyarkən şeir, hekayə, mənsur şeirlər yazıb. İlk yazısı 1972-ci ildə «Pioner» jurnalında dərc olunub. «Qərib duyğuların məngənəsində», «Mərzili - o kənd bizim kəndimizdir», «Kiçik ürəklərin böyük duyğuları», «Bir ömür nağılı», «Haqqın dar ağacı», «Mərzilinin söz boğçası», «Müəllimliyin Bayram müəllim zirvəsi», «Beş qardaşın nağılı» və «İşıqlı yollara açılan cığır» kitablarının müəllifidir. «Dərdimiz yetim yalsa…» kitabı müəllifin oxucularla onuncu görüşüdür.

Biz də öz növbəmizdə, müəllifə möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Diaspora