Xəbər verdiyimiz kimi, iyulun 7-8-də muxtar respublikada “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Plenar və bölmə iclaslarından sonra konfrans iştirakçıları muxtar respublikanın türk-islam mədəniyyətini özündə əks etdirən abidələri ilə tanış olublar. Səfər müddətində Naxçıvanın türk-islam mədəniyyəti ilə yaxından tanış olan konfrans iştirakçıları təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı deyib: Naxçıvan təkcə Azərbaycanın deyil, dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Muxtar respublikada türk-islam mədəniyyətinin izlərini özündə yaşadan çox əhəmiyyətli abidələr var. İstər İslamdan əvvəl, istərsə də sonrakı dövrlərdə burada yaradılmış abidələr Naxçıvanın tarixini, zəngin mədəniyyətini özündə əks etdirir. Bu abidələr tarixin çətin sınaqlarından keçərək bu günümüzədək gəlib çatıb. Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə belə abidələrimiz yenidən bərpa olunub, onlara ikinci nəfəs verilib. Bu abidələrin varlığı onu göstərir ki, Naxçıvan qədim türk yurdudur və yerli əhali əsrlərboyu burada yaşayaraq özünün tarixini, əvəzolunmaz mədəniyyətini yaradıb. Bu baxımdan Naxçıvanın İslam mədəniyyətinin paytaxtı kimi 2018-ci ildə öz tarixini, mədəni zənginliyini təbliğ etmək üçün geniş imkanlar yaranacaq və inanırıq ki, bu zənginliklə bütün İslam dünyası tanış olacaq.
Ərzurum Universitetinin sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaş isə Naxçıvanın bir çox bölgələrində olan tarixi-memarlıq abidələrinin türk-islam mədəniyyəti abidələri içərisində öz əhəmiyyəti ilə seçildiyini bildirib: “Bu abidələr Naxçıvanın tarixini, mədəni zənginliyini göstərir. Tarix sübut edir ki, Naxçıvanın coğrafiyası böyük mədəniyyətə sahib olub. Bu mədəniyyəti günümüzə daşıyan məhz belə abidələrdir. Sevinirəm, eyni zamanda, qürur duyuram ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu tarixin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün çox böyük işlər görür. Son illərdə Naxçıvanda xeyli sayda tarixi tikililər bərpa olunub, Naxçıvanın tarixi ilə bağlı müxtəlif beynəlxalq konfranslar keçirilir. Onu da qeyd edim ki, mən 2012-ci ildə də Naxçıvanda olmuşdum. Aradan elə bir uzun dövr keçməyib. Ancaq inanın ki, bu qısa dövrdə Naxçıvan daha da dəyişib, gözəlləşib. İnkişafı, dirçəlişi hər yerdə görmək mümkündür. Bu, məni çox sevindirir”.
Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı da təəssüratlarını bölüşərək deyib: “Azərbaycan orta əsrlər dövründə İslam dünyasının ən zəngin və parlaq memarlıq nümunələrini yaradıb. Memar Əcəmi Naxçıvaninin müəllifliyi ilə yaradılmış abidələrdə biz bunun gerçək nümunəsini görürük. Ümumiyyətlə, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə malik diyardır. Buradakı tarixi abidələrlə tanışlığımız zamanı gördüklərimiz, eyni zamanda, konfransda edilən çıxışlar bunu bir daha sübut etdi. Qeyd etməyi vacib bilirəm ki, Naxçıvanda tarixə böyük sevgi, məhəbbət var. Buradakı tarixi abidələrin bərpası sahəsində böyük işlər görülüb. Ümumiyyətlə isə Naxçıvandakı qədimlik və müasirlik, abadlıq və səliqə-sahman deməyə əsas verir ki, Naxçıvan İslam dünyasında fərqli bir yerə sahibdir”.