Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Mətbuat Xidmətinin rəhbəri Elçin Cəfərovun QAZİLER.AZ-a verdiyi məlumata görə, 29 aprel tarixində saat 19.00-da Akademik Milli Dram Teatrında Xalq Artisti Cəfər Namiq Kamalın 65 illiik yubileyi münasibətilə “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olunacaq.
Cəfər Namiq Kamal tamaşada Mirzə Həbib rolunda çıxış edir. M.F.Axundzadənin eyniadlı komediyası əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Xalq Artisti Səyavuş Kərimi, rejissor assistenti Xanım Həsənovadır.M.F.Axundzadənin 200 illik yubileyi münasibəti ilə hazırlanmış tamaşanın premyerası 30 mart 2011-ci il tarixində oynanılmışdır.
Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulmuşdur. Bu komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilmişdir.
Akademik Milli Dram Teatrının təqdim etdiyi yeni quruluşda milli kolorit, şən yumorla yanaşı 18-ci əsrdə hökm sürən idarəçilik üsul-idarəsinə sarkazmla işarələr vurulur. Rejissor ilk səhnələrdən tamaşaçının diqqətinə çatdırır ki, Xan sui-qəsd xofu ilə yaşayır. Tamaşa Xanın gəlişi zamanı təhlükəsizlik tədbirləri ilə başlayır. Hadisələrdən məlum olur ki, vəzir Mirzə Həbib öz vəzifəsini qorumaq üçün baldızı Nisə xanımı Xana ərə vermək fikrindədir. Nisə xanım isə Xanın qardaşı oğlu Teymur ağanı sevir. İki arvadının, qaynanası Pəri xanımın və baldızı Nisə xanımın kələkləri Mirzə Həbibi gülünc vəziyyətə salır. Tamaşa xoşbəxt sonluqla, dənizdə batan Xanın yerinə Teymur ağanın xan seçilməsi və sevgilisinə qovuşması ilə bitir.
Tamaşanın təlqin etdiyi fikrə görə, baş verən hadisələr yalnız bir cənub şəhərində deyil, xanlıq üsul-idarəsi olan dünyanın hər bir ölkəsində, hər bir dövrdə baş verə bilər. Zəngin milli geyimlərimizlə, aktyorların koloritli oyunları ilə bizi XVIII əsrin sonlarına XIX əsrin əvvəllərinə aparan tamaşa problematikası və ideya-bədii təqdimatı etibarilə təsirlidir.
Cəfər Namiq Kamal 1950-ci ildə Bakıda doğulub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyən Cəfər Əhmədov aşağıdakı rolları oynayıb.
Rəcəb ("Şirinbala bal yığır" S.Qədirzadə), Elçi ("Bir parça Vətən" F.Sadıq), Qasid ("Rüstəm və Zöhrab" İ.Coşqun), Aparıcı ("Şəhidlər" B.Vahabzadə), Uçitel Həsənov ("Danabaş kəndinin məktəbi" C.Məmmədquluzadə), Qaçay bəy ("Qonşu qonşu olsa, kor qız ərə gedər" R.Əfəndiyev) və s.
C.Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir. Bu teatrın səhnəsində yaratdığı Eynşteyn ("Ah,Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N.Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M.F.Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə.Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən Adam ("Hərənin öz payı" X.Qoco), Şeyx Əhməd ("Ölülər" C.Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ.Əfəndiyev), rolları ilə tamaşaçıların yaddaşında qalıb.
Aktyor eləcə də "Qız atası" (Yarik), "Anamın kitabı" (Rüstəm), "Duel" (Əziz), "Yurd yeri" (Sədrəddin) teletamaşalarında oynayıb.
Son illərdə Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı Mirzə Həbib (“Lənkəran xanının vəziri”, M.F.Axundzadə), Xasay Dilgir (“Qatarın altına atılan qadın”, A.Məsud), Vali (“Qadın məhəbbəti”, V.Hüqo), Knyaz Pantiaşvili (“Xanuma”, A.Saqareli), Poloni (“Sənətkarın taleyi”, Elçin), General (“Generalın son əmri”, V.Səmədoğlu) obrazlar yaradıb.
Cəfər Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2013-cü ildə Azərbaycanın Xalq Artisti fəxri adına layiq görülmüşdür.