Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal edilmiş Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi 30 aprel-7 may tarixlərində ABŞ-ın Los Anceles şəhərində keçirələcək SEEfest Film Festivalında nümayiş etdiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Amerika kinoakademiyasının dəstəyi ilə keçirilən festival Cənubi və Şərqi Avropa ölkələrinin filmlərinin ABŞ-da tanıdılmasına xidmət edir.Festivalın proqramlarında ümumilikdə 23 ölkəni təmsil edən film iştirak edir. Əsas proqramda doqquz film yer alıb.
“Axınla aşağı” filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.