Bu gün çağdaş Azərbaycan poeziyasının isedadlı və tanınmış nümayəndəsi Akif Səmədin anım günüdür. “Ömrü özünə yaşasan” deyən Akif Səmədə ömür vəfa etmədi və istedadlı şair 2004-cü ilin bu günü 44 yaşında həyada vida etdi...
Akif Səməd 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çahşmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şerləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Aslanbəyli kəndində torpağa tapşırılmışdır.Şairin xatirəsini yad etmək üçün onun sevilən şeirlərindən "Mən Bakıya oxumağa gəlmişdim"i oxuculara təqdim edirik:
Məni görüb yaxın ağlar, yad ağlar,
Ağıl ağlar, yaddaş ağlar, yad ağlar,
Ya bərələr, ya dərələr, ya dağlar.
Mən Bakıya oxumağa gəlmişdim.
Köç-ulaqlı aran yolu, dağ yolu,
Oğru yolu, doğru yolu, haqq yolu,
Kəhkəşanda unutduğum ağ yolum,
Mən Bakıya oxumağa gəlmişdim.
Ay qatarçı, ay maşınçı, ay adam,
Bu şəhərə siz doğmasız, mən yadam.
Burax gedim, ay gözəlim, ay qadam,
Mən Bakıya oxumağa gəlmişdim.
Genişiydim səma boyda, çöl boyda,
Ürək verdim, diplom aldım əl boyda,
Ürəyimdə yara açdı gül boyda -
Mən Bakıya oxumağa gəlmişdim.
Mən Bakıya oxumağa gəlmişdim.
Akif Səmədin Qarabağ ağrısını misralara tökdüyü "Şuşaya gedə bilmirəm" şeiri hər birimizçün bu böyük dərdin yarasının ürəyimizdə yenidən qanamasıdır:
Bu halal yolnan-yoldaşnan,
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan,
Şuşaya gedə bilmirəm.
Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik,
Şuşaya gedə bilmirəm.
Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.
Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.
Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi?
Şuşaya gedə bilmirəm.
Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?
Şuşaya gedə bilmirəm….
Ölüm, qurtar gordan məni
Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.
Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.
Çənim gəldi burum-burum,
Yolum daşdan hörüm-hörüm,
Mən çəkəni çəksin görüm,
Kim elədi yardan məni.
Hamımı azıb «babı»dı,
Çəkdiyim nə hesabıdı?
Yaşamaq gor əzabıdı,
Ölüm, qurtar gordan məni.
Qaziler.az