Uğur qazanmaq yaşa baxmır

Uğur qazanmaq yaşa baxmır backend

XX əsrin 30-cu illərindən filmlərə çəkilən aktrisanın “ulduz saatı” onun 86 yaşına təsadüf etdi.


1996-cı ildə kinorejissor Ceyms Kameron onu “Titanik” filminə dəvət etdi. Çəkilişlərinə sentyabr ayından başlanan bu film 1997-ci ilin mart ayında tamamlanıb. Söhbət filmdə 101 yaşlı Rouz Kalverti canlandıran ABŞ aktrisası Qloriya Stüartdan gedir. Bu rola görə o, “Oskar” və “Qızıl qlobus”, habelə ABŞ Kino Aktyorları Gildiyasının mükafatlarına layiq görülüb. “People” jurnalı aktrisanın adını “dünyanın ən cəlbedici 50 insanı” siyahısına daxil edib.

Qloriya Frensis Stüart 1910-cu il iyulun 4-də Kaliforniya ştatının Santa-Monika şəhərində dünyaya göz açıb. Kolleci bitirdikdən sonra “Pasadena” teatrında işləyib. 1932-ci ildə “Universal Studios” ilə müqavilə bağlayıb, adı “WAMPAS Baby Stars” siyahısında yer alıb. İlk dəfə 22 yaşında “Qadınlar küçəsi” filmində çəkilən bu füsunkar sarışın qız 30-cu illərdə “Köhnə qaranlıq ev”, “Gözəgörünməz adam”, “Güzgü qarşısında öpüş” və digər ekran əsərlərində müxtəlif rolları canlandırıb. “20th Century Fox” studiyasında isə aktrisa 40-dan çox filmə, o cümlədən “Roma qalmaqalları”, “Sannibruk fermasından Rebekka”9 filmlərinə çəkilib.

1934-cü ildə ssenarist Artur Şikmanla ailə quran aktrisanın Silviya adlı qızı olub. Qloriya Stüart İkinci Dünya müharibəsi illərində, demək olar, filmə çəkilməyib. O, “Dekor Ltd” mebel mağazasında işləyib, 1946-cı ildə isə çəkiliş barədə bütün təklifləri rədd edib.

50-ci illərin ortalarında rəssamlıqla məşğul olan Qloriya Stüartın əsərləri ilk dəfə Nyu-Yorkun “Hammer” qalereyasında, sonralar ABŞ-ın digər yerlərində, habelə Avropada sərgilənib.

1975-ci ildə “Lizzi Borden haqqında əfsanə” televiziya filminə çəkilən Qloriya Stüart aktrisalıq karyerasını bərpa edib. Onun böyük ekrana qayıdışı isə 1982-ci ildə Piter O`Tulla birgə çəkildiyi “Mənim sevimli ilim” filmi ilə olub.

2005-ci ildə ağciyərində xərçəng tapılan aktrisa ruhdan düşməməyə çalışıb. 2010-cu ildə - 100 illik yubileyi ərəfəsində ona ABŞ Kino Aktyorları Gildiyasının “Kinematoqrafiyaya sonsuz sadiqliyinə görə” xüsusi mükafatı verilib.

Qloriya Stüart 2010-cu il sentyabrın 26-da Kaliforniyanın Brentvud ştatında nəfəsçatışmazlığından vəfat edib.

Karyerası boyu 70-dən çox filmə çəkilən aktrisaya ən böyük şöhrəti, əlbəttə ki, “Titanik” filmi gətirib.


AZƏRTAC
Diaspora