İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, ünlü dirijor Bərdia Kiyarəs Azərbaycan Dövlət Musiqili Teatrında çıxış edəcək. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tanınmış dirijor sentyabr ayında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını idarə edəcək. Tamaşaların nümayişi 23-24 sentyabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, Bərdia Kiyarəs 1979-cu ildə anadan olub. 4 yaşında ikən atası ona sənturda ifa etməyi öyrədib. 12 yaşından Mehrdad Əli Ağa, İbrahim Lütfi, Behruz Vahidi Azər, Davud Fəlahəti, Maziar Zahirodini və Sefil Dehbasti kimi ustadlardan skripka dərsi almağa başlayıb.1995-ci ildə Şiraz şəhərindəki Tehran Gənclər Orkestri ilə Vivaldinin "Dörd mövsüm" skripka konsertini ifa edib. 1997-ci ildən IRIB orkestrində birinci skripka kimi çıxış edib, simli və simfonik orkestr üçün pyeslər bəstələyib, kino və televiziya serialları üçün musiqilər yazıb. Daha sonarlar Tehranın müxtəlif musiqi kollektivlərində birinci skripkaçı və konsertmeyster kimi çıxış edib. Almaniyanın Koln şəhərində professor Koçutanın rəhbərliyi altında çalışıb. 2006-cı ildən İran Film Bəstəkarları Assosiasiyasının üzvüdür. 2004 və 2006-cı illərdə Almaniyanın Osnabrüek Festivalında çıxış edib. 2005-2007-ci illərdə Nouban Simli Orkestrində birinci skripkaçı olub. Pars Musiqi İnstitutunda, Tətbiqi Elm və Texnologiyalar Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Dünya şöhrətli Daniel Barenboymun rəhbərlik etdiyi orkestrdə birinci skripkaçı kimi çıxış edib. İki təqaüdə layiq görülən Bərdia Kiyarəs Aksel, Vilezok kimi professorlardan ustad dərsləri alıb. Habelə 2010-cu ildə Berlin Operasında Jülyen Salemkurun ustad dərslərinin iştirakçısı olub.
Almaniya, Avstriya, Danimarka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya və Belçikada konsertlərlə çıxış edib. 2008-ci ildən bəri dünyanın aparıcı dirijorları ilə əməkdaşlıq edir. 2008-ci ildən Pars Musiqi İnstitutunun Orkestrində, 2009-cu ildən İranın Kamera Orkestrində dirijorluq edib. İran Milli Orkestrinin dirijoru kimi 2010-2012-ci illərdə konsertlərdə çıxış edib. “Budən və Nəbudən” (To Be and Not To Be) adlı seçilmiş əsərlərindən ibarət albomu nəşr olunub.