Rejissor Ali Özgentürk son müsahibəsində aktyor Kamal Sunalın ölümü ilə bağlı maraqlı nüans açıqlayıb
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 17 il əvvəl iyulun 3-də dünyasını dəyişən aktyorun ölüm səbəbi başqa imiş. Rejissor "Balalayka" filminin çəkilişləri üçün K.Sunalla birgə Batumiyə gedirmiş. İllər əvvəl heç vaxt təyyarəyə minməyən aktyorun həmin gün qorxudan ürəyinin partladığı iddia edilmişdi. Lakin həqiqət başqa cür imiş.A.Özgentürk K.Sunalın oğlu Alinin də onlarla olduğunu bildirib:
"Təyyarədən qorxurdu. Mən dedim, maşınla gedək. Əvvəl razı oldu. Sonra "Çox yorularıq" dedi. Sürücü götürmək təklif edəndə isə "Başqasının sürdüyü avtomobildən qorxuram" deyərək etiraz etdi. Nəhayət "Sən təyyarədə yanımda otursan, gedərik" dedi. O biri yanında da oğlu Ali oturmuşdu. Dünyasını dəyişdiyi an bir yerdə idik, təyyarə heç qalxmamışdı.
Zarafatlar edirdik. Təyyarədəki monitorda da təhlükəsizlik tədbirləri haqqında danışılırdı. Təyyarə yavaşca irəliləməyə başlayanda söhbət kəsildi. Kemalın qorxduğuna dair heç bir şey yox idi. Onsuz da qorxmurdu. Birdə başı çiynimə düşdü. Ali də oturduğu yerdən qalxdı. Mən "Həkim yoxdur?" deyə qışqırdım. Sonra huşumu itirmişəm, heç nə xatırlamıram.
Sonradan öyrəndik ki, həyat yoldaşından da gizlətdiyi bir şey var imiş. Yay aylarında avtomobillə Almaniyaya gedərmiş. Heç kim bilməsin deyə alman bir həkimə hər il ürəyini müayinə etdirirmiş. Ürəyində problem varmış, amma nə olduğunu bilmədim".