Rio-de-Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi uğurla başa çatıb

Rio-de-Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi uğurla başa çatıb backend

Rio-de-Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi uğurla başa çatıb. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 25-də "Cidade des Artes"-dakı "Sala de Leitura"-da "Nabat" sənədli filminin nümayişi olub.

Elə həmin gün Rio-de-Janeyro Bələdiyyə Teatrında xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestri və "Trio Qarabağ" muğam qrupunun (xalq artisti M.İbrahimov, gənc muğam ifaçısı A.Əliyeva, əməkdar artistlər E.Haşımov (tar), E.Əhmədov (kamança) konserti olub. Konsertin proqramına F.Əmirovun "Azərbaycan kapriççosu", H.Cavidin "Şeyx Sənan" dramı əsasında "Kor ərəbin mahnısı", Qara Qarayevin "Yeddi gözəl" valsı, Hacı Xanməmmədovun "Kamança orkestr üçün konsert", Həsən Rzayevin "Tar orkestri üçün konserti", Asəf Zeynallının "Muğam Sayağı", Françesko Miqnone "Braziliya fantaziyası № 4", Sergey Prokofyevin "Fortopiano üçün konsert №2" kimi əsərləri daxil olub.

Proqramın sonunda Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyasından fraqment səsləndirilib. "Trio Qarabağ" muğam qrupunun və Braziliya Simfonik Orkestrinin möhtəşəm ifası tamaşaçıların böyük marağına səbəb olub.

Aprelin 26-da "Cidade des Artes"-in böyük zalında yenidən Braziliya və "Trio Qarabağ" muğam qrupunun xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə növbəti konserti keçirilib. Yuxarıda qeyd olunan proqram üzrə keçirilən konsert zamanı pianoçu Fabio Martinonun ifası və Q.Qarayevin "Yeddi Gözəl" baletindən valsı tamaşaçıların davamlı olaraq, alqışları ilə qarşılanıb. Sonda Y.Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyasından fraqment ifa olunub.

Bununla da Rio-de-Janeyroda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, ölkəmizin Braziliyadakı səfirliyinin dəstəyi əsasında keçirilən Azərbaycan Mədəniyyət Həftəsi uğurla başa çatıb.
Diaspora