Mingəçevir Dövlət Dram Teatrı Bakıda qastroldadır

Mingəçevir Dövlət Dram Teatrı Bakıda qastroldadır backend

Azərbaycan Milli Dram Teatrının Mətbuat Xidmətindən QAZİLER.AZ saytına verilən məlumata görə, M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının kollektivi Bakıda qastrol səfərindədir. Kollektiv Bakı tamaşaçılarının görüşünə S.S.Axundovun eyniadlı pyesi əsasında hazırlanmış “Eşq və intiqam” tamaşası ilə gəlib. Teatrın kollektivi bu gün səhər fəxri xiyabanda olub, Ulu Öndərin və Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Saat 16.00-da Akademik Milli Dram Teatrında M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının kollektivinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransını Akademik Milli Dram Teatrının aktyoru, Xalq Artisti Ramiz Novruz açaraq, Mingəçevir şəhərindən təşrif buyurmuş həmkarları və media nümayəndələrini salamlayıb. Aktyor Akademik Milli Dram Teatrının kollektivi adından Mingəçevir Teatrını qarşılamaqdan məmnunluq duyduğunu bildirib, bu qəbildən olan qastrol səfələrinin əhəmiyyətini vurğulayıb. Ramiz Novruz qeyd edib ki, Mingəçevir Teatrında çox istedadlı aktyorlar var və inanıram ki, kollektiv bu gün paytaxt tamaşaçıları qarşısında sənət imtahanından üzüağ çıxmağı bacaracaq.
Mətbuat konfransında teatrın direktoru Səxavət Məmmədov, rejissor, Xalq Artisti Zülfüqar Abbasov, “Eşq və intiqam” tamaşasında əsas rolları ifa edən Əməkdar Artistlər Akif Mirabov, Ella Yaqubova, aktyorlar Hüseyn Mustafayev və Fəridə Məmmədova iştirak edib.

Mingəçevir Teatrının direktoru Səxavət Məmmədov bu qastrol səfərinin reallaşmasına göstərdikləri köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə və Akademik Milli Dram Teatrına minnətdarlığını bildirib. Direktor Mingəçevir teatrında gedən yaradıcılıq prosesi, repertuarın qurulması, kadr islahatları, hazırlanmaqda olan tamaşalar, eləcə də teatrın yaradıclıq planları haqqında məlumat verib.

Rejissor Z.Abbasov S.S.Axundovun eyniadlı pyesi əsasında hazırlanan “Eşq və intiqam” tamaşası haqqında danışıb, səhnə əsərinin ideya mündəricəsi, bədii-estetik tutumu, aktyor ifası barədə konfrans iştirakçılarına məlumat verib.
Daha sonra qonaqlar media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

27 aprel 2015-ci il tarixində, saat 19.00-da Akademik Milli Dram Teatrında M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının "Eşq və intiqam" tamaşası nümayiş olunacaq. S.S.Axundovun pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Respublikanın Xalq Artisti Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor köməkçisi Xəyalə Qəmbərovadır. Tamaşada Əməkdar Artistlər Akif Mirabov (Piri baba), Ella Yaqubova (Həcər xanım), aktyorlar Şıxı Qurbanov (Əlimərdan), İlqar Rəhimov (İbad), Afət Əliyeva (Yasəmən), Elmira İbrahimova (Xalisə nənə), Hüseyn Mustafayev (Çingiz), Jalə Davıdova (Qəmər), Firuz Hacıyev (Cəbi), Aydın Quliyev (Şahbaz bəy), Eyvaz Əliyev (Şəmsi bəy), Fəridə Məmmədova (Zöhrə xanım), Qabil İbrahimli (Səfi bəy) və b. çıxış edirlər.

M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə təşkil edilmişdir. Teatrın açılışı 1969-cu ildə C.Cabbarlının eyniadlı pyesi əsasında hazırlanan “Almas” tamaşası ilə olmuşdur. 1974-cü ildən görkəmli aktrisa Mərziyyə Davudovanın adını daşıyır.

Teatrın repertuarında klassik və müasir dramaturqların pyesləri geniş yer tutur. "Kəndçi qızı" (M.İbrahimov), "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm" (İ.Əfəndiyev, "Eşq və intiqam" (S.S.Axundov), "Müfəttiş" (N.V.Qoqol), "Hacı Qara" (M.F.Axundov), "Aydın", "Solğun çiçəklər" (C.Cabbarlı), "Haray" (İ.Hüseynov), "Ölülər" (C.Məmmədquluzadə), "Yol kənarı" (M.Zarudni), "Qütb ulduzu" (N.Xəzri), "Sərt oyunlar" (A.Arbuzov), "Duman çəkilir" (S.Azəri), "Pəri cadu" (Ə.B.Haqverdiyev), "Günəşli yer" (V.Vinniçenko) və s.
Diaspora