Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşasını teatrsevərlərə təqdim edib.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, sözügedən tamaşa A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanıb.Nümayiş olunan səhnə əsərinə Leyla Atayevanın quruluşunda baxılıb. Tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq Artisti Bəxtiyar Xanızadəyə məxsusdur.
Tamaşada rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırıblar. Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki, A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında 1960-cı ildə “Lenfilm” kinostudiyasında eyniadlı film də ekranlaşdırılıb.