Azərbaycanın çox zəngin kino ənənəsinin olması heç kəsə sirr deyil. O ənənəni yaradanlar istedadlı aktyorlar olublar.
Bəzi aktyorların yaratdığı elə rollar olub ki, onların hər sözünü əzbərdən bildiyimiz halda, obrazı canlandıran sənətkarın gerçək kimliyini az qala bilməmişik. Belə aktyorlardan biri də Süleyman Ələsgərovdur.Modern.az saytının məlumatımna görə, bu gün xalq artisti Süleyman Ələsgərovun doğum tarixidir. Süleyman Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrına müsabiqə yolu ilə aktyor götürülüb
Süleyman Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur. Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
“Cəbiş müəllim” deyən kimi hamının gözünün qarşısına eynəkli, uzun və çəlimsiz yaşlı bir müəllim obrazı canlanır. Həmin Cəbiş müəllim obrazını yaradan və artıq 40 ilə yaxındır insanların hafizəsindən o obrazı silinməyə qoymayan aktyor Süleyman Ələsgərovdur.
O, Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq 63 il səhnəyə çıxıb. 83 yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib. Aktyor “Bizim Cəbiş müəllim” filmindən başqa, “Bir cənub şəhərində”, “Rəqiblər”, “İnsan məskən salır”, “Möcüzələr adası”, “O qızı tapın” və digər filmlərdə epizodik də olsa, maraqlı rollar canlandırıb. Aktyor bu gün Süleyman Ələsgərov kimi yox, daha çox Cəbiş müəllim kimi hamının yaddaşındadır.
Modern.az