İyunun 13-də Bakıda Qobustan Milli Tarixi Bədii Qoruğunun yaradılmasının 50 illiyinə və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı beynəlxalq elmi konfrans işinə başlayıb.
Konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə reallaşıb.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında baş tutan konfransda dünyanın tanınmış arxeoloqları iştirak edirlər.
Konfransda, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə qoruğun əməkdaşları tərəfindən aparılan tədqiqatlarla bağlı “Qobustan. Yeni baxış” adlı layihənin təqdimatı olub. Layihəyə əsasında ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub ki, bu da öz növbəsində Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açır.
Bildirilib ki, sahəsi 3 min 96 hektar olan Qobustan Milli Tarixi Bədii Qoruq İdarəsi 1966-cı ildə yaradılıb. Hazırda Qobustan ərazisində 20 mağara və yaşayış yeri, tunc və sonrakı dövrlərə aid 40 kurqanda tədqiqat işləri aparılıb və öyrənilib. Nəticədə 1031 qaya üzərində çəkilmiş 6300-dən çox qayaüstü təsvir və 105 min ədəd arxeoloji material qoruğun fonduna daxil edilib.
İki gün davam edəcək konfransda Qobustanın tarixinə dair məruzələr dinləniləcək.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə mədəni irsin qorunması istiqamətində aparılan işlərdən söz açıb. Bildirilib ki, son illər Azərbaycanın bütün bölgələri arxeoloji tədqiqatlara cəlb edilib. Azərbaycanın qədim tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması üçün mühüm işlər görülüb.
Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustanın UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsini mühüm hadisə kimi dəyərləndirən akademik vurğulayıb ki, milli-mənəvi sərvətlərimizin qorunmasında və dünyaya tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.
AMEA-nın prezidenti deyib ki, Qobustanda nəinki yerli, həm də nüfuzlu xarici universitetlərin alimləri tədqiqat işləri aparıblar. Elmi axtarışlar bir daha bu məkanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir.
Konfransın əhəmiyyətini yüksək qiymətləndirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə bir sıra ölkələri təmsil edən xarici tədqiqatçı alimlərin iştirak etdiyini söyləyib. Nazir belə tədbirləri Qobustanda aparılacaq tədqiqat işləri baxımından əhəmiyyətli hesab edib.
Tədbirdə digər çıxış edənlər də Qobustan abidələrinin tarixi keçmişindən və burada aparılan müasir tədqiqat işlərindən geniş söhbət açıblar.