Macarıstanın bir sıra qəzetlərinin foto-müxbiri Adam Lazar bu ilin mart ayında Azərbaycan səfirliyinin yardımı ilə Bakıda dörd günlük səfərdə olub və geri qayıdandan sonra ölkəmizin son illərdə qazandığı uğurların, böyük quruculuq və abadlıq işlərinin əsl tərənnümçüsünə çevrilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, onun bütün bir səhifəni tutan səfər təəssüratları Macarıstanın 100 min tirajla çıxan "24 ora" ("24 saat") qəzetinin 16 aprel tarixli sayında dərc olunub.Aprelin 20-də Budapeştin Budakezi kitabxanasında tanınmış fotoqrafın Bakıda çəkdiyi şəkillərdən ibarət sərgi açılıb. Adam Lazar eyni zamanda kitabxananın oxucuları qarşısında Bakı səfərindən gətirdiyi çoxsaylı slaydları nümayiş etdirib.
Son günlərdə isə Adam Lazar Budapeştin Promotor TV və Buda TV kanalları ilə yayımlanan tok-şoularda Azərbaycan haqqında öz təəssüratlarını bölüşüb.
Səfirlikdə keçirilən görüş zamanı bildirdiyinə görə tanınmış foto-müxbirin əsas niyyəti az sonra Bakıda start götürəcək Birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistlər arasında yer almaq, bu böyük idman bayramının foto-salnaməçilərindən birinə çevrilməkdir.