Görkəmli bəstəkarın 100 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans

Görkəmli bəstəkarın 100 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans backend

İyunun 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli bəstəkar, Xalq Artisti, professor Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfransda BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli görkəmli bəstəkar C.Hacıyev dühasının aliliyindən, onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi incilərdən və əvəzolunmaz şəxsiyyətindən danışıb.

Tədbirdə C.Hacyevin övladları İsmayıl və Mikayıl Hacıyevlər də iştirak ediblər.

Musiqiçi Mikayıl Hacıyev atası ilə bağlı xatirələrini bölüşüb, iştirakçılarla onun həyat və yaradıcılıq yolu barədə maraqlı faktlar danışıb.

Tədbirdə çıxış edənlər unudulmaz bəstəkarın işıqlı xatirəsinin xalqımızın ürəyində əbədi yaşayacağını bildiriblər.

Sonra BMA-nın tələbəsi, gənc pianoçu Vüsalə Babayeva Cövdət Hacıyevin “Musiqi lövhələri” məcmusundan bir neçə nömrə ifa edib. Konfransda, həmçinin gənc və istedadlı pianoçu Pərviz Məmmədov görkəmli bəstəkar Fikrət Əmirovun “Mən səni araram” əsərinin motivləri əsasında caz improvizə səsləndirib.
Diaspora