İyunun 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində R.Leonkavallonun “Payatsı” operası nümayiş ediləcək.
Sənət ocağının rəhbərliyi tamaşadakı əsas partiyalardan birini - Kanio partiyasını ifa etmək üçün Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti - Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvilini dəvət edib.
AZƏRTAC xəbər verir ki, Tonio partiyasında isə Sankt-Peterburqun Mixaylovski Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksandr Kuznetsov çıxış edəcək.
Səhnə əsərində Azərbaycanın vokal məktəbini Əməkdar artistlər Afaq Abbasova, Cahangir Qurbanov, solistlər Fəhmin Əhmədli və Tural Ağasıyev təmsil edəcəklər.
Səhnə əsəri dirijor, Xalq Artisti Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.