BMT-nin Cenevrə bölməsində Fransada və İsveçrədə həmvətənimiz Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyi tərəfindən təşkil edilən tədbir “Millətlər sarayı”nda baş tutub.Azərbaycan, Çin, Yaponiya, Fransa, İsveçrə, Rusiya, Polşa, Macarıstan və digər ölkələrdən olan 287 pianoçu müsabiqə boyunca 2 təsnifatda – gənclər və peşəkarlar kateqoriyalarında qüvvələrini sınayıblar.
Final mərhələsində pianoçular Bethoven, Şopen kimi dünya şöhrətli bəstəkarların yaradıcılığına müraciət etməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də səsləndiriblər.
Münsiflərin qərarı əsasında üç pianoçu gənc iştirakçılar arasından, daha üç nəfər isə peşəkar iştirakçılar arasından seçilərək mükafata layiq görülüblər.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 11-ci sinif şagirdi Cavid Yusifzadə isə “Gənc ümidlər” nominasiyası üzrə müsabiqənin qalibi olub. O, müsabiqənin xüsusi mükafatına layiq görülüb və "Alfred Korto adina Fransa Normal Musiqi Mektebi"ndə təhsil almaq üçün təqaüd qazanıb.